AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilir. Apasport.az saytının məlumatına görə, yığıncaqda bir sıra məsələlərə aydınlıq gələcək.
Belə ki, iclasın gündəliyinə AFFA-nın Lisenziyalaşdırma Qrupunun nümayəndələri ilə görüş, Topaz Premyer Liqasında legioner limiti, U-19 Liqasının formatının müzakirəsi (“Qəbələ”nin təklifi), aşağı yaş qrupundan ibarət komandaların yarışlarında hakimliyin səviyyəsi barədə fikir mübadiləsi daxil edilib. Görüşdə həmçinin növbəti mövsüm üçün Premyer Liqanı tərk edəcək və I diviziondan Premyer Liqaya yüksələcək komandaların sayının və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, iclasa AFFA-dan rəsmi nümayəndə kimi Elçin Məmmədov, AZAL-dan Fikrət Hüseynov, “Zirə”dən Natiq Hüseynov, “Qəbələ”dən Fariz Nəcəfov, “Qarabağ”dan Əmrah Çəlikəl, “İnter”dən Rəşad Qasımov, “Neftçi”dən Orxan Hüseynzadə, “Sumqayıt”dan Kamran Quliyev və “Kəpəz”dən Mikayıl Nərimanoğlu qatılıblar.