Gələn mövsümdən “Çelsi”nin “sükanı” arxasına keçəcək Antonio Konte transfer siyahısını rəhbərliyə təqdim edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis ilk olaraq hücum xəttinin güclənməsinə ehtiyac duyur.
Konte ön xətt üçün 3 futbolçunun adını xüsusi qeyd edib. Bunlar Edinson Kavani (PSJ), Qonsalo İquain (“Napoli”) və Lomelu Lukakudu (“Everton”). Bu futbolçularından ən azı birinin alınmasını istəyən təcrübəli mütəxəssis həmçinin “Roma”nın mərkəz müdafiəçisi Antonio Rudiger və yarımmüdafiəçisi Miralem Pyaniçlə də maraqlanır.
Bundan əlavə, “Çelsi” ilə ilinə 5 milyon funt-sterlinq maaş olmaqla 3 illik müqavilə bağlayan Konte bundan da artığını qazana bilər. Bunun üçün isə komanda Çempionlar Liqasının qalibi olmalıdı. 47 yaşlı mütəxəssis bunu bacarsa, əlavə 5 milyon funt-sterlinq mükafat qazanacaq.
Qeyd edək ki, hazırda İtaliya yığmasını çalışdıran Antonio Konte AVRO-2016-dan sonra millidən ayrılıb “Çelsi”də fəaliyyətə başlayacaq.