Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” – “Maribor” matçına təyinat alan baş hakim Aleksey Kulbakov bizə yaxşı tanışdı. Apasport.az saytının məlumatına görə, belaruslu referinin 2 dəfə Azərbaycan təmsilçiləri ilə yolu kəsişib.
37 yaşlı Kulbakovun ölkəmizə yeganə səfəri 2011-ci ilə təsadüf edib. Belə ki, o, həmin il, avqustun 10-da “Dalğa Arena”da Azərbaycanla Makedoniya arasında keçirilən yoldaşlıq görüşündə baş hakim funksiyasını yerinə yetirib. Qoran Pandevin yeganə qolu sayəsində makedoniyalıların 1:0 hesablı qələbə qazandığı qarşılaşmada belaruslu hakim qonaqların 2 oyunçusuna sarı vərəqə göstərməklə kifayətlənib.
Kulbakov 2014-15 mövsümündə isə “Qarabağ”ın Avroliqa oyununda ədalət təmsilçisi olub. 2014-cü ilin oktyabrın 2-də Ağdam klubunun Milan “İnter”i ilə İtaliyadakı matçına təyinat alan hakim 3 sarı vərəqəyə əl atıb. İtalyanların 2:0 hesablı qələbə qazandığı oyunda Kulbakov “Qarabağ”dan Muarem Muaremi 90+4-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb.
Doğulduğu Qomel şəhərində “İqtisadiyyat və menecment” ixtisası üzrə təhsil alan Kulbakov Avropa arenasında kifayət qədər tanınmış hakimdi. 2006-cı ildən beynəlxalq oyunlarda fit çalan 37 yaşlı referi indiyə qədər UEFA tərəfindən 76 matça baş hakim kimi təyinat alıb. O, Avropa arenasında idarə etdiyi 76 qarşılaşmada 250 sarı, 10 qırmızı vərəqəyə müracət edib, 5 dəfə penalti nöqtəsini göstərib.
2009-cu ildən bəri 7 mövsüm Avropa Liqasının qrupunda oyunlar idarə etmiş Kulbakov 3 dəfə də 1/16 final görüb. Referi ötən iki mövsümdə Çempionlar Liqasında da qrup matçlarına təyinat alıb, “Benfika” – “Bayer”, “Bavariya” – “Dinamo” (Zaqreb) və “Atletiko” – “Astana” qarşılaşmalarında ədalət təmsilsi rolunu oynayıb.
Bu il Fransada təşkil edilən Avropa çempionatına da yollanan Kulbakov orda oyun idarə etməsə də, 4-cü hakim kimi matçlarda iştirak edib. Belə ki, o, qrup mərhələsində Uels – Slovakiya, İspaniya – Çexiya, Rumıniya – İsveçrə, İspaniya – Türkiyə, İslandiya – Macarıstan, Macarıstan – Portuqaliya və 1/8 finalda Fransa – İrlandiya oyununda ehtiyat hakim vəzifəsini icra edib.
Kulbakov avrokubokların cari mövsümündə hələlik cəmi 1 oyun idarə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutmuş “Trenkin” – “Legiya” görüşünün baş hakimi məhz o olub.
“Qəbələ” – “Maribor” oyununa 4-cü hakim kimi təyin edilən Denis Şerbakov da klublarımıza kifayət qədər tanışdı. 2012-ci ildən beynəlxalq dərəcəyə malik olan Şerbakov 2014-cü il, iyulun 17-də keçirilən “Neftçi” – “Koper” (1:2) matçını idarə edib. O, həmin il Avropa Liqasının qrup mərhələsində “İnter” – “Qarabağ” (2:0) görüşünün əlavə köməkçi hakimi olub. Şerbakov bu mövsüm artıq ikinci dəfədi ki, “Qəbələ”yə görə ölkəmizə gələcək. Belə ki, o, Avroliqanın I təsnifat mərhələsində “Qəbələ”nin Gürcüstan klubu “Samtredia” üzərində böyükhesablı (5:1) qələbəsinin baş hakim kimi canlı şahidi olub.
Qeyd edək ki, “Qəbələ” – “Maribor” oyunu avqustun 18-də “Dalğa Arena”da keçiriləcək.