UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında “Samtredia”nı qəbul edən “Qarabağ” 5:0 hesablı qələbə qazanmaqla cavab oyununu formallığa çevirdi. Matçdan sonra təmsilçimizin müdafiəçisi Maksim Medvedev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Nəticə bizim üçün gözlənilməz oldu. Bəs siz 5 cavabsız top vuracağınıza inanırdınız?
- Hesabın belə olacağını biz də gözləmirdik. Bu rəqibin oyununa baxmışdıq və yaxşı komanda olduqlarını bilirdik. Heyətlərində yer alan futbolçular qarşı tərəfə problem yaradacaq gücdədirlər, futbol oynamağı bacarırlar. Bizim komandada müəyyən çatışmazlıqlar var idi. Buna baxmayaraq, qol buraxmamaq üçün əlimizdən gələni etdik. Bu nəticəyə özümüz də sevinirik. Amma bu qədər qol vuracağımızı da gözləmirdik.
- Ötən il “Qəbələ” bu rəqiblə qarşılaşmış və Bakıdakı oyunda 5:1 hesabı ilə qalib gəlmişdi. Bəlkə həmin 5 top sizi bu oyuna daha yaxşı kökləyib?
- Onun bu oyuna heç bir dəxli yoxdu. Uduza da bilərdik. Futboldu, hər şey mümkündü. Sadəcə, rəqibi çox yaxşı analiz etmişdik. Nəticədə onların qapımıza elə də ciddi zərbəsi olmadı.
- UEFA texniki məğlubiyyət və cərimə etməsəydi, yəqin ki, cavab oyununa getməyin mənası olmazdı…
- 5:0 hesablı nəticəyə rəğmən, oyunumuzda problemlər var. Bəzi futbolçular bir-birini anlaya bilmir, zədəli oyunçularımız var.
- Anlaşma baxımından axsayan yenilərdi?
- Yenilərə də aiddi, əvvəldən komandada olanların bəzilərinə də. İnanıram ki, məşqlərdə bu əlaqəni gücləndirəcəyik. Daha yüksək mərhələdə oynamaq istəyiriksə, bu oyun yetməz.
- Rəşad Sadıqovun əvəzlənməyi narahatlıq yaratdımı?
- Belə deyim, rəqib çox hücum etmirdi. Üstəlik, Yakub Jejniçak da meydana daxil olduqdan sonra inamlı təsir bağışladı. Rəşadın belə erkən zədələnəcəyini heç kim gözləmirdi. Yakub onun yerini doldura bildi.