[b]Mats Hummels millimizə şans vermədi[/b]
13.10.2016 - 15:32
[b]Mats Hummels millimizə şans vermədi[/b]

“Mənə elə gəlir ki, Şimali İrlandiya bu qrupda ikinci yerə iddia edə bilər. Ümumiyyətlə, yalnız San-Marinonun aşkar autsayder olduğu açıq-aydın görünür”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının müdafiəçisi Mats Hummels deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Bundestim ilk 3 turda 9 xal toplayıb. Bütün futbol mütəxəssisləri kimi, almaniyalı futbolçuların da C qrupunu ilk sırada tamamlayacağına şübhələri yoxdu.

 

Hummels isə ikincilik uğrunda mübarizəni dəyərləndirib. “Bavariya”nın mərkəz müdafiəçisi hazırda ikinci pillədə qərarlaşan yığmamızın mövqeyini qoruyacağına inanmır. O, Şimali İrlandiyanı bu baxımdan favorit hesab edir: “Fikrimcə, San-Marino istisna olmaqla, qrupdakı bütün komandaların ikinci pilləni tutmaq şansı var. Amma Şimali İrlandiya bizə qarşı oyunla bu yerə daha iddialı olduğunu göstərdi. Əlbəttə ki, bizim qrup lideri olacağımıza şübhəm yoxdu. Həm əla formadayıq, həm də mövqeyimiz yaxşıdı. Qrupa göz gəzdirdikdə Çexiyanın 2 xalının olduğunu görürük. Bu isə Şimali İrlandiyanın ikincilik şansını xeyli artırır”.

 

Qeyd edək ki, Almaniya yığması ilk 3 turda müvafiq olaraq Norveç (3:0), Çexiya (3:0) və Şimali İrlandiyanı (2:0) məğlubiyyətə uğradıb. Bundestimi 7 xalla Azərbaycan millisi izləyir.