[b]Məğlubedilməzlərin dueli və ya möcüzə axtarışında[/b]
07.03.2016 - 12:46
[b]Məğlubedilməzlərin dueli və ya möcüzə axtarışında[/b]

Sabah Çempionlar Liqasında 1/8 final mərhələsində cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə səfər qələbəsi qazanan komandalar rəqibi evdə qəbul edəcəklər.

 

“Roma”nı səfərdə 2 cavabsız qolla məğlub edən “Real” növbəti mərhələnin bir addımlığındadı. İtalyanların hazırkı məqamda “Santyaqo Bernabeu”da bunun əvəzini çıxmaları möcüzəyə bərabərdi. Üstəlik, “canavarlar” Madriddə müdafiəçi Antonio Rudiger və komandanın liderlərindən olan yarımmüdafiəçi Daniele De Rossinin xidmətindən yararlana bilməyəcəklər.

 

“Real”da isə vəziyyət fərqlidi. Qaret Beyl, Pepe və Marselo artıq sıraya dönüblər. Ancaq Kərim Benzema, Luka Modriç və Toni Kroos zədə ucbatından son oyunlarda iştirak etməyiblər. Benzema yenə meydanda olmayacaq. Digərlərinin bu qarşılaşmada iştirakı sual altındadı. Buna baxmayaraq, yeganə ümidi Çempionlar Liqasını qazanmaq olan “kral klubu”nu dayandırmaq “Roma” üçün çətin ki, mümkün olsun. Hər iki komandanın son vaxtlar məhsuldar çıxışı oyunun bol qollu keçəcəyindən xəbər verir.

 

“Volfsburq” səfərdə qalib gəldiyi “Gent” önünə ciddi itkilərlə çıxacaq. Naldo, Pol Sequin, Sebastyan Yunq və Bas Dost kimi oyunçular Almaniya klubuna kömək edə bilmirlər. Bu azmış kimi, digər zədəlilər Niklas Bendtner və Dieqo Benalyonun da iştirakı sual altındadı. Buna baxmayaraq, yaxşı formada olan Bundesliqa təmsilçisinin səfərdə qazandığı üstünlüyü əldən verməsi inandırıcı görünmür.

 

Martın 9-da baş tutacaq qarşılaşmalar isə gərginlik baxımından daha böyük maraq doğurur. Çünki səfərdə minimal hesabla məğlub olan “Zenit”lə “Çelsi” bunun revanşını evdə almağa çalışacaq.

 

“Benfika” ilə oyunöncəsi “Zenit”də ciddi itkilər var. Xavi Qarsiya və Domeniko Krişito cəzalı olduqları üçün matçı tribunadan izləyəcəklər. Həmçinin Vyaçeslav Malafeyev və Viktor Fayzulin də zədəlidilər. “Benfika”nın heyətlə bağlı problemləri isə daha böyükdü. Jardel və Andre Almeyda cəzalıdılar. Julio Sezar, Lisandro Lopes, Reboko və Luizao isə zədədən əziyyət çəkirlər.

 

Nəhayət, 1/8 final mərhələsinin ən maraqlı cütlüklərindən olan “Çelsi” ilə PSJ Londonda revanş matçına çıxacaqlar. “Zadəganlar”da Kurt Zuma və Radamel Falkaonun oynamayacağı dəqiqdi. Digər mərkəz müdafiəçiləri Con Terri, həmçinin hücumçular Dieqo Kosta, Eden Azar və Pedro Rodriges də zədə ucbatından meydana çıxmaya bilərlər. PSJ-də isə zədəli Bleyzi Matuidi, Xavyer Pastore və Marko Verratinin oynayıb-oynamayacağı bəlli deyil. Maraqlısı burasındadı ki, PSJ ötən ilin noyabr, “Çelsi” isə dekabr ayından bəri cəmi 1 dəfə meydanı məğlub tərk ediblər. Uduzmağı sevməyən komandaların mübarizəsi böyük gərginlik vəd edir.

 

 

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

 

8 mart

23:45. “Real” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun 2:0

 

23:45. “Volfsburq” (Almaniya) – “Gent” (Belçika)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun 3:2

 

9 mart

21:00. “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya)

İlk oyun 0:1

 

23:45. “Çelsi” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun 1:2