[b]Sədrini saymayan gənc hakimin dollar sevgisi[/b]
25.01.2017 - 16:17
[b]Sədrini saymayan gənc hakimin dollar sevgisi[/b]

Futbol hakimi olmaq çətindi. Bu sənətə görə bir sıra məsələləri göz önünə almalısan. Məsələn, idarəçiliyinə görə komandaların etirazlarını, təzyiqləri, eləcə də azarkeşlərin təhqirlərini və s.

 

Hə, bir də sosial həyatına önəm verməyin çox vacibdir. Sosial şəbəkədə varsansa, paylaşımların başına bəla gətirəcək səviyyədə olmamalıdı.

 

Baxmayaraq ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hər dəfə referilərin sosial şəbəkədəki hesabları vasitəsi ilə yayımlanan qalmaqallı paylaşımlarını təkzib edir. "Ola bilməz!" deyir, "saxta profildir!" söyləyir.

Belə başa düşürəm ki, "heç-heçəyə 15 dənə verirlər" rüşvət qalmaqalı əks olunan videoya "montajdı" deyən Xaqani Məmmədovu hakimlər saymır. Çünki bir müddət əvvəl hakimbaşı qonaq olduğu verilişdə "biz hakimlərə tövsiyə etmişik ki, sosial şəbəkələrdən uzaq olsunlar" demişdi. Ancaq ədalət təmsilçiləri Məmmədovu heç fitinə də almır. 

 

Hazırda istər "facebook"dan, istərsə də "instagram"dan istifadə edən hakimlərimizin sayı kifayət qədərdi. Təbii ki, bunda anormal heç nə yoxdu. Amma paylaşımlara diqqət yetirmək lazımdı.

 

Məsələn, hakim Mahir Məmmədovun topa dollarlarla çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı fotolar diqqətimizi çəkdi. Təsəvvür edin ki, Məmmədov Türkiyə Super Liqasında hakimlik edir və qardaş ölkə mətbuatı onun şəkillərini mediada yayımlayır. İnan ki, Məmmədovu dərhal hakimlikdən uzaqlaşdırarlar. Adama deməzlərmi ki, "ay Mahir, dollarları hardan almısan?"

Biz onu qətiyyən rüşvət almaqda ittiham etmirik. Sadəcə, hakim olan biri şübhəyə əsas verən addımlar atmamalıdı. Və yaxud da bu şəkli görən, azarkeş nə düşünər? Görəsən, bəs klub rəsmiləri nə fikirləşər? 

 

Hardan bilək axı?  

Futbol11.az