“Barselona”nın hücumçusu Lionel Messi növbəti dəfə meydanı qolsuz tərk edib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu bununla ardıcıl 3-cü oyundu qol üzünə həsrət qalır.
“Barsa” Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya 2:1 hesabı ilə qalib gəlsə də, Leo yenə qol vura bilməyib. Bununla onun klubda qol həsrəti 272 dəqiqəyə çatıb. Primeronun son iki turunda “Vilyareal” və “Real”la matçlarda da adını tabloya yazdıra bilməyən Messi sonuncu dəfə martın 16-da ÇL-in 1/8 final görüşü çərçivəsində “Arsenal”la qarşılaşmanın 88-ci dəqiqəsində fərqlənib.
Ulduz futbolçu martın 30-da Argentina millisinin heyətində Boliviya ilə Cənubi Amerika Kuboku matçında penaltidən toru silkələmişdi.
Qeyd edək ki, hazırda Lionel Messinin aktivində 499 qol var.