Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) matçının baş hakimi Mete Kalkavan 17 aydan sonra yenidən Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, iyulun 21-də 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşdə fit çalacaq türkiyəli FİFA referisi 2015-ci ilin yazında da paytaxtımıza səfər etmişdi.
Həmin vaxt AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan – Malta oyununa təyinat alan Kalkavan qarşılaşmanın əlavə köməkçi hakimi olub. Martın 28-də baş tutan görüşdə yığmamız 2:0 hesablı qələbə qazanıb. Bu matçın baş hakimi isə Halis Özkahya olub. Həmin oyunda baş məşqçi Robert Prosineçkinin millimizdə rəsmi debütü idi.
Kalkavan millimizin daha bir oyununda da eyni funksiyanı yerinə yetirib. Yığmamızın AÇ-2016-nın seçmə mərhələsində İtaliyaya 1:2 hesabı ilə uduzduğu görüşdə əlavə hakim köməkçisi olan referi Hüseyn Göçəkə yardım edib.
Komandalarımızın qarşılaşmalarına yalnız qapı arxası hakim kimi təyinat alan Kalkavan ilk dəfə təmsilçimizin görüşündə fit çalacaq. Belə ki, 2013-cü ilin yanvarından FİFA hakimi olan türkiyəlinin yolları yığmanın iki matçından başqa heç vaxt komandalarımızla kəsişməyib.
36 yaşlı FİFA referisi CHP-dən olan millət vəkili Ahmed İhsan Kalkavanın oğludu. İxtisası maşın mühəndisi olan Kalkavan 1999-cu ildən oyun idarə etməyə başlayıb. Superliqada 2003-cü ildə debüt edən referi burada baş hakim kimi ilk matçını 8 ildən sonra idarə edib.
İki ay öncə Türkiyə kubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” arasında qarşılaşmanı idarə edən Kalkavan “sarı-qırmızılar”ın 1:0 hesablı qələbəsinə şahid olub.
Karyerasında yaddaqalan matçlardan biri 2013-cü ilin aprelinə təsadüf edib. O, Türkiyə Superliqasının “Beşiktaş” - “Antalyaspor” görüşünə vərəqəsiz çıxıb. Matçın 51-ci dəqiqəsində qonaqların futbolçusuna sarı vərəqə göstərmək istəyən referi əlini cibinə atıb. Orada vərəqə olmadığını görən Kalkavan matçın dördüncü hakimin köməyindən yararlanıb. Referi yalnız ondan aldığı vərəqəni futbolçuya göstərə bilib.
Qeyd edək ki, Kalkavan UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxildi.