[b]Millimiz “müğənnilər”lə qarşılaşacaq[/b]
08.09.2016 - 18:56
[b]Millimiz “müğənnilər”lə qarşılaşacaq[/b]

“Dünya çempionatının favoritləri arasında göstərilməyimiz bizi arxayınlaşdırmır. Çünki necə güclü komandalarla qarşılaşacağımızı bilirik”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə İspaniya yığmasının üzvü Migelin deyib.

 

Kolumbiyada keçiriləcək dünya çempionatında şanslarını dəyərləndirən 28 yaşlı hücumçu yalnız çempionluğu hədəflədiklərini bildirib. Migelin FİFA-nın rəsmi saytına açıqlamasında millimizin yer aldığı qrup barədə də fikir bildirib: “Məncə, ən çətin qruplardan birinə düşmüşük. Çünki qrupumuzdakı komandaların hamısı yaxşı heyətə malikdi və Kolumbiyaya iddialı yollanır”.

 

Migelin son iki dünya çempionatında olduğu kimi, yenə İspaniya – Braziliya finalını istisna etməyib: “İnsanların niyə görə Braziliya – İspaniya finalını arzuladıqlarını başa düşürəm. Ardıcıl 3-cü dəfə bu finalın keçirilməsi istisna deyil. Ancaq Portuqaliya, İtaliya və Argentina kimi güclü komandalar da dünya çempionatlarının iddialıları arasında olurlar. Əlbəttə, dünya çempionu olsaq, buna çox sevinərəm. Amma bunun üçün ciddi maneələri qət etməliyik. Fiziki və psixoloji hazırlığımız mütləq yarışın sonuna qədər qaydasında olmalıdı və hər matçda xarakter nümayiş etdirməliyik. Əks təqdirdə, cəzalandırıla bilərik”.

 

Təcrübəli futzalçı onları uğura daşıyan sirri də açıqlayıb. O, hər görüşə yüksək əhval-ruhiyyədə yollanmaq üçün mahnı oxuduqlarını söyləyib: “Biz hər oyundan əvvəl yol gedərkən avtobusda mahnı oxuyuruq. Bunu matçdan sonra da təkrarlayırıq. Musiqi bizim komandanın ayrılmaz hissəsidi. Hər yarış öncəsi bütün oyunçular bəyəndikləri musiqini seçib Xesus Erreroya (komandanın qapıçısı) verir. O da özündən yeniliklər əlavə edir, musiqilərə rəng qatır. Komandada ən yaxşı səsə malik oyunçu isə Aleks Yepesdi”.

 

Qeyd edək ki, F qrupunda Azərbaycan, Mərakeş və İranla mübarizə aparacaq İspaniya yığmasının millimizlə qarşılaşması sentyabrın 15-də II tur çərçivəsində keçiriləcək.