Azərbaycan yığmasının Avstriya toplanışında keçirəcəyi yoldaşlıq oyunlarının televiziya vasitəsilə canlı yayımlanıb-yayımlanmayacağı dəqiqləşməyib. Apasport.az saytının məlumatına görə, Andorra, Makedoniya və Kanada ilə görüşlərin yayımı baş tutmaya bilər.
Buna səbəb AFFA-nın qarşı tərəflərlə hələ razılığa gələ bilməməsidi. Məsələ burasındadı ki, oyunlar neytral ərazidə keçirildiyindən, matçların canlı yayımlanması üçün hər bir tərəfin razılığı olmalıdı.
Məsələ ilə bağlı açıqlama verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da bunu təsdiqləyib. O bildirib ki, hazırda qarşı tərəflərlə danışıqlar gedir: “Avstriya həm biz, həm də yoldaşlıq matçı keçirəcəyimiz yığmalar üçün neytral ərazi sayılır. Yəni burda konkret ev sahibi yoxdu ki, yayım məsələsi ilə bağlı onunla danışıq aparasan. Sadəcə, bu işə baxan şirkət var. Adını açıqlamaq istəmədiyim həmin şirkətlə, təşkilatçılarla danışıq aparırıq. Biz hər 3 görüşün canlı yayımlanmasında maraqlıyıq. Ancaq bunun üçün qarşı tərəflər də maraqlı olmalıdı. Digər 3 ölkənin futbol assosiasiyası da bizimlə eyni fikirdə olsa, oyunlar televiziya vasitəsilə göstərilə bilər. Texniki baxımdan bu görüşləri yayımlamaq üçün heç bir problemimiz yoxdu”.
Qeyd edək ki, yığmamız Andorra ilə mayın 26-da, Makedoniya ilə 29-da, Kanada ilə isə iyunun 3-də qarşılaşacaq.