[b]Millimizin baş məşqçisi tarixi qələbə haqda[/b]
13.09.2016 - 06:25
[b]Millimizin baş məşqçisi tarixi qələbə haqda[/b]

“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdi". Apasport.az saytı xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Milton Luis Ziller Junior deyib.

 

Kolumbiyada təşkil olunan dünya çempionatının ilk oyununda Mərakeş üzərində 5:0 hesablı qələbə qazanan komandamızın çalışdırıcısı görüşdən sonra tarixi uğurla bağlı fikirlərini bildirib: "Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.

 

Mərakeş yığmasının baş məşqçisi Hiçam Dguiq isə oyunla bağlı bunları deyib: “Birinci hissədə daha yaxşı oynadıq. Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu. Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur. İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.