Azərbaycanın U-21 millisinin üzvü Ozancan Kökcü daha bir Avropa klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçi ilə maraqlanan komandalar sırasına “Fənərbaxça” da qoşulub.
“Feyenoord”da çıxış edən Kökcünün adı İngiltərə təmsilçiləri “Tottenhem”, “Arsenal”, “Mançester Yunayted” və “Everton”la birgə hallanırdı. İndi də İstanbul nəhəngi “Fənərbaxça” 18 yaşlı oyunçuya “elçi düşüb”.
Qonşu ölkə mətbuatı mövsümün sonunda “Fənər”in “sükanı arxası”na keçməsi gözlənilən Aykut Kocamanın transfer siyahısında adı olan oyunçulardan birinin də məhz Kökcü olduğunu yazıb. Klub bəzi problemlər ucbatından yayda əsasən azad agent statusu daşıyan oyunçularla heyətini gücləndirməyə çalışacaq.
Ozancanın da “Feyenoord”la müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, “sarı-lacivərdlilər” vaxt itirmədən onunla danışıqlara başlamaq niyyətindədilər. Aykut Kocaman yığmamızın üzvünün gələcəkdə komandanın liderlərindən birinə çevriləcəyini düşünür.
Qeyd edək ki, Ozancan Kökcü hazırda gənclər millimizin heyətində Türkiyədə təlim-məşq toplanışındadı. Komandamız bu gün türkiyəli həmyaşıdları ilə yoxlama görüşündə üz-üzə gələcək.