Superliqada mövsümə uğursuz start götürən “Trabzonspor”da baş məşqçi Ərsun Yanalın postu laxlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi birinci dövrədən sonra onunla yollarını ayıra bilər.
Hətta “bordo-mavililər”in bu posta yeni namizəd müəyyənləşdirdikləri də bildirilir. Belə ki, “Qalatasaray”ın əfsanəvi futbolçusu Georgi Hacinin “Trabzonspor”un “sükanı arxası”na keçəcəyi iddia edilir. Qara dəniz təmsilçisi rumıniyalı mütəxəssisə illik məvacibi 1,5 milyon avro olmaqla 2 illik müqavilə təklif edib. 51 yaşlı çalışdırıcı isə ən yaxşı halda qış fasiləsində bu məsələni müzakirə edə biləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev mövsümlərarası fasilədə “Zenit”dən “Trabzonspor”a keçib.