Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Almaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın əsas qapıçısı Manuel Noyer uzun müddətə sıradan çıxıb.
Belə ki, o, Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la dünən baş tutan cavab qarşılaşmasında xəsarət alıb. Madrid təmsilçisinin 3-cü qol epizodunda zədələnməsinə baxmayaraq, mübarizəni sona qədər davam etdirən Noyerin sol ayağında qırıq olduğu aşkarlanıb.
31 yaşlı qolkiper Münhendə MRT müayinəsindən keçdikdən sonra zədənin ciddiliyi, həmçinin cərrahiyyə əməliyyatına ehtiyac olub-olmadığına aydınlıq gələcək. Ancaq onun mövsümü başa vurduğu və hətta DÇ-2018-in seçmə mərhələsində Bundestimin San-Marino (10 iyun) ilə matçını buraxacağı dəqiqdi. Ulduz futbolçunun Çexiya (1 sentyabr) və Norveçlə (4 sentyabr) qarşılaşmalarda iştirakı da sual altındadı.
Qeyd edək ki, Almaniya yığması qrupda son matçını oktyabrın 8-də Azərbaycan millisinə qarşı keçirəcək.