Azərbaycan yığmasının sabiq futbolçusu Əli Gökdəmir özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçiliyi dövründə milliləşdirilən Almaniya türkü vətənində yeni sahədə çalışmağa başlayıb.
Belə ki, ötən mövsüm “Simurq”da peyda olan, klub dağılandan sonra Almaniyaya qayıdan Əli “Sportfrund Şvabiş Holl” ilə anlaşıb. Bu idman qurğusunun futbol komandasında çıxış edən Gökdəmir ölkəsinin gücünə görə 6-cı liqasında top qovur. O, həvəskar səviyyəsinə yaxın komandada oynadığı üçün təkcə futbolla kifayətlənə bilmir.
Bu üzdən də özünə ikinci qazanc mənbəyi tapan Əli “Şvabiş Holl” idman zalında da xidmət sahəsində çalışır. Eyni zamanda, məşqçilik kursuna da gedən futbolçu həm komandada top qovur, həm də zalda fəaliyyət göstərir: “Məşqçilik kursunda da təhsil alıram. Gələcəkdə özümü məşqçi kimi çalışmağım maraqlı olacaq. Lakin maraqlı təklif gələrsə, peşəkar futbolçu karyeramı da davam etdirmək istərdim”.
Qeyd edək ki, Gökdəmir yığmamızda 10 oyun keçirib.