Almaniya millisinin sabiq qapıçısı Tim Vize özünü yeni ampluada sınayacaq. Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını başa vurandan sonra restlinqdə məşqlərə start verən 35 yaşlı almaniyalı sabah yeni işində debüt edəcək.
O, Münhendəki şounun iştirakçısı olacaq. Sezaro və Şeymusla eyni komandada yer alan Tim Bo Dallas, Primo və Epikodan ibarət “üçlüy”ə qarşı mübarizə aparacaq.
Rinqdə təşkil olunan və peşəkar güləş kimi tanınan, amma daha çox şou xarakteri daşıyan restlinqə keçən futbol üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı futbolu başqa sahədə unudan ilk tanınmış deyil. UEFA-nın rəsmi saytı da sonradan yeni ampluada çıxış edən sabiq futbolçuları yada salıb.
Türkiyə millisi ilə DÇ-2002-nin bürünc mükafatçısı olan İlhan Mansız siyahının ön sıralarındadı. Onun sonradan peşəkar fiqurlu konkisürmə ilə məşğul olması hələ də xatirələrdədi.
Fransa millisi ilə dünya çempionu olan Fabyen Bartez və ispaniyalı Santyaqo Kanisares meydandakı ampluaları kimi təxminən eyni yolla gediblər. Qapıçıların hər ikisi sükan arxasında özünü sınayıb. Kanisares avtomobillə ralli yarışlarına qatılıbsa, Bartez motosikletlə Le Man yürüşündə çıxış edib.
Norveç millisində oynamış Harald Brattbak da topu sükana dəyişib. Lakin skandinaviyalıya idmandan uzaqda, təyyarə sürmək xoş gəlib.
Litvanın U-21 yığmasının futbolçusu Mantas Sernius isə gözlənilməz iş tapıb. O, qadın basketbolu üzrə əsas milli komandanın baş məşqçisinə çevrilib.
Onun həmyerlisi Knud Anders Fostervold iki idman növündə xeyli irəliləyib. “Molde” ilə Çempionlar Liqasında iştirak edən futbolçu şosse velosipedində dünya çempionatında iştirak etmək hüququna yiyələnib.
UEFA-nın siyahısında idmandan uzaqlaşanlar da yer alıb. Uels yığmasında 9 oyun keçirən Vinni Cons Hollivud ulduzu olubsa, Almaniya millisi və “Bavariya”dan tanıdığımız Mehmet Şoll musiqi sahəsində özünü sınayıb.
“Sankt-Pauli”nin qapıçısı Volker İppiq isə futbolçu üçün qeyri-adi peşəyə üz tutub. O, Hamburq limanında yükdaşıyan fəhlə kimi çalışıb.
UEFA-nın rəsmi saytı Azərbaycan futboluna toxunmağı unudub. Yoxsa ki, əsas yığmada 100-dən artıq matç keçirən yeganə oyunçumuz Rəşad Sadıqov da siyahıda yer alardı. Karyerasını bitirməsə də, yaranan zəruri fasilə dövründə basketbolda özünü sınayıb. “Qala”nın heyətində Azərbaycan çempionu da olan Sadıqov iki idman növündə bunu bacaran azsaylı universallardandı.
Qeyd edək ki, 1999-2014-cü illəri əhatə edən futbolçu karyerasında “Fortuna”, “Kayzerslautern”, “Verder” və “Hoffenhaym”da çıxış edən Vize 2008-12-ci illərdə Almaniya millisinin üzvü olub. Yığmada cəmi 6 oyun keçirsə də, DÇ-2010 və AÇ-2012-də bürünc medal əldə edib. O, 2009-cu ildə Almaniya yığmasının heyətində Azərbaycanla Bakıda keçirilən görüşə gəlib.