Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yubiley qolu XXX tura təsadüf edib.
Bu turadək baş tutan 29 turun 145 matçında 297 qol qeydə alındığından, ötən həftəyə təsadüf edən 3-cü top yubiley xarakteri daşıyıb. Mövsümün 300-cü qolunu “Kəpəz”in kapitanı Tural Axundov vurub. O, “İnter”lə qarşılaşmada penaltidən dəqiq istifadə edib.
Ümumilikdə isə turun sonunadək qol sayı 306-ya çatıb. 150 matçda bu qədər qolun vurulması nəticəsində orta məhsuldarlıq 2,04-ə bərabərdi. Meydan sahibləri 176, qonaqlar 130 qol vurub.
Qeyd edək ki, mövsümün ilk qolunu 2015-ci il avqustun 9-da Viktor İbekoyi (“Zirə”), 100-cü qolunu oktyabrın 28-də Vüqar Mustafayev (“Qarabağ”), 200-cü qolunu isə bu il fevralın 14-də Rəşad Sadıqov (“Qarabağ”) vurub.