[b]Muarem Muarem: Çempionluğa yaxınlaşdıq - MÜSAHİBƏ[/b]
16.04.2016 - 20:25
[b]Muarem Muarem: Çempionluğa yaxınlaşdıq - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XXX turunda “Neftçi” üzərində (2:1) qələbə qazanan və xal ehtiyatını artıran “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem qarşılaşma başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

- Ənənəvi olaraq, öncə oyunla bağlı fikrinizi bildirərdiniz...

- “Neftçi” güclü rəqibdi. Onlar turnir cədvəlinin aşağı pillələrində qərarlaşsalar da, buna layiq deyillər. Bu komandaların dueli hər zaman gərgin keçib. Bizim üçün vacib 3 xalı qazandıq. Təbii ki, nəticəyə görə çox sevinirik.

 

- Bütün qollar fasilədən sonra vuruldu. Birinci hissəni kəşfiyyata ayırmışdınız?

- Birinci hissədə də qol vurmaq üçün şansımız oldu. Biz vurmaq istəyirdik. Ancaq qismət deyilmiş. İkinci hissədə istəyimizə çatdıq. Vacib olan qələbə qazanmaqdı.

 

- Çempionluğun taleyini böyük ölçüdə həll etdiyinizi demək olarmı?

- Bu qələbə sayəsində çempionluğa yaxınlaşdıq. Ancaq qarşıda 6 oyun var və biz çempionluğu təmin etməmişik. Bu tempi digər oyunlarda da göstərməliyik. Biz də çempion olmağı çox istəyirik.

 

- Sona yaxın qol vurmaq üçün əla şansınız oldu. İki rəqibinizi yerə sərdiniz, amma son zərbəni bərbad endirdiniz...

- Həqiqətən də, qol vurmaq üçün əla imkan yaranmışdı. Ancaq son zərbə... Bəlkə də, ilk dəfə belə bərbad və uğursuz zərbə vurdum.

 

- Bir neçə gün əvvəl klubun prezidenti Tahir Gözəl futbolçularla görüşüb. Hansı məsələlər ətrafında söhbət etdiniz?

- Qarabağda baş verən proseslərdən danışdıq. Çiddi fikir mübadiləsi aparıldı. Biz də klubumuzun adının hansı əhəmiyyət daşıdığını yaxşı anladıq. Bunu bilirdik. Həm Avropada, həm də Azərbaycanda bu adı layiqincə təmsil etməliyik.

 

- Amma legionerlər bu məsələdə fəal deyillər. Sosial şəbəkələr vasitəsilə ölkəmizə dəstək olmurlar...

- Öz adımdan danışa bilərəm. Məşq prosesində, istirahət vaxtlarında bu mövzuda çox danışmışıq. Hətta sözləşmişdik ki, qol vursaq, sevincimizi əsgər salamı verməklə qeyd edərik. Bu vacib işdi. Bununla Qarabağda döyüşənlərə dəstəyimizi bildirmiş olarıq.

 

- Olmazmı ki, “Qarabağ” gələn mövsüm ev oyunlarının bir neçəsini Ağdamda keçirsin?

- Bu rəhbərliyin qərarıdı. Əvvəllər orda oynayırdıq. Yenidən Ağdamda oynamağa hazırıq. Ora elə də bərbad halda deyildi.

 

- Sonra futbolçuların şəraitdən narazı qaldığı bildirildi və yenidən Bakıya köçdünüz...

- Həmin vaxt şərait yaxşı olmaya bilərdi. Bəlkə də, buna görə belə qərar verildi. Amma yenidən orda oynamaq haqda göstəriş verilsə, getməyə hazırıq.

 

- İyunda millimiz yoldaşlıq oyununda Makedoniya ilə qarşılaşacaq. Həmin matçda iştirak etmək istərdinizmi və şansları necə dəyərləndirirsiniz?

- Dəvət gəlsə, oynamağa hazıram. Şanslara gəldikdə, hazırkı məqamda yığmanız daha yaxşı vəziyyətdədi. Çünki milliniz FİFA-nın reytinq cədvəlində bizimkilərdən öndədi. Məncə, maraqlı oyun alınacaq.

 

- “Qarabağ”dan gedənə qədərki Muarem güclüydü, yoxsa indiki?

- Əvvəlki daha yaxşı formada idi. “Qarabağ”dan ayrıldıqdan sonra getdiyim klubda forma geyinmək şansım xeyli azaldı. Amma geri döndükdən sonra tədricən formamı yüksəldirəm.

 

- Həmin ayrılığa görə peşmansınızmı?

- Hər kəs səhv edə bilər. Mən də insanam və səhvim olur. Orda yaxşı olacağını düşünrdüm, amma əksini gördüm. 

 

0