Gələn il Rusiyada təşkil ediləcək dünya çempionatının daha bir iştirakçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Belçika mundiala vəsiqəni rəsmiləşdirib.
Roberto Martinezin yetirmələri buna seçmə mərhələnin VIII turu çərçivəsində Yunanıstanla keçirilən matçında nail olublar. Belə ki, qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan belçikalılar Avropa zonasının H qrupunu lider olaraq bitiriblər.
8 oyundan sonra xalını 22-ə yüksəldən “qırmızı şeytanlar” ən yaxın rəqibi Bosniya və Herseqovinanı 8 xal qabaqlayıblar. Bu isə o deməkdi ki, qrupun son iki matçı Martinezin komandası üçün formal xarakter daşıyacaq.
Bununla tarixində 13-cü dəfə dünya çempionatının final mərhələsinə adlayan Belçika yığması ev sahibi Rusiya, həmçinin Braziliya, Meksika, İran və Yaponiyadan sonra mundialda iştirak hüququna yiyələnən 6-cı komanda olub.