[b]Nelson Bonilla 704 günlük həsrətə son qoydu[/b]
11.04.2016 - 10:21
[b]Nelson Bonilla 704 günlük həsrətə son qoydu[/b]

Topaz Premyer Liqasında 2015/16 mövsümünün ilk het-triki qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXIX turun “Rəvan”la səfər oyununda 3 qol vuran Nelson Bonilla ilkə imza atıb.

 

Salvadorlu hücumçu komandasının 4:0 hesablı qələbəsində het-triklə pay sahibi olub. Səfər matçında fərqlənən mərkəzi amerikalı ölkə çempionatlarında het-triksiz dönəmə son qoyub.

 

Belə ki, ötən mövsümdə də bir oyunda 3 qol vuran futbolçu olmamışdı. Sonuncu het-trik isə 2013/14 mövsümünə təsadüf etmişdi. Üç belə hadisənin yaşandığı həmin çempionatda son het-trikə Reynaldo imza atmışdı.

 

Braziliyalı 2014-cü il mayın 7-də “İnter” üzərində 4:1 hesablı qələbəyə 3 qolla töhfə vermişdi. Bu, Bonillanın uğurundan 704 gün öncə qeydə alınmışdı.

 

Qeyd edək ki, Bonilla 13 qolla Premyer Liqanın ən yaxşı bombardiridi.