“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Avropanın “böyük beşlik” ölkələrindəki həmkarları üçün əlçatmazdı. Apasport.az saytının məlumatına görə, ukraynalı qolkiper cari mövsüm daxili çempionatda ən az qol buraxan qapıçılardan biridi.
Dima Topaz Premyer Liqasının geridə qalan 13 turunda qapısında cəmi 6 top görüb. 13 görüşün hamısında 90 dəqiqə çərçivəni qoruyan 33 yaşlı qapıçı bunun 9-da rəqiblərə fərqlənmək imkanı verməyib. Bezotosnı orta hesabla hər oyunda 0,46 qol buraxıb ki, bu göstərici ilə dünyanın əksər qapıçıları ona həsəd apara bilər.
Müqayisə üçün bildirək ki, “böyük beşlik” ölkələri sayılan Almaniya, İspaniya, İngiltərə, Fransa və İtaliyanın yüksək liqalarında heç bir qapıçı Bezotosnı qədər etibarlı görünmür. Məsələn, “Bavariya”nın Bundesliqada liderliyə yüksəlməsində önəmli pay sahibi olan Manuel Noyer 14 oyunda 9 dəfə topu tordan çıxarmalı olub. Bu da orta hesabla hər matçda 0,64 qol deməkdi. Noyerin cari mövsümdəki göstəricisi ən yaxşı performanslardan biri sayılır.
İspaniya La Liqasında “Vilyarreal”ın dəri əlcək sahibi Serxio Asensio hazırda ölkəsində ən az qol buraxan qapıçıdı. 7 qarşılaşmada qapısını qola “bağlayan” ispaniyalı ümumilikdə meydana çıxdığı 15 oyunda 10 dəfə (orta hesabla hər matçda 0,66) torun silkələnməsinə mane ola bilməyib.
İngiltərə Premyer Liqasında iki qapıçı arasında gərgin yarış gedir. Lider “Çelsi”nin “1 nömrəsi” Tibo Kurtua ümumilikdə 16 liqa görüşündə 11 qol buraxıb (0,68) və bunun 9-da keçilməz olub. Onun “Tottenhem”dəki həmkarı Uqo Llorisi isə 14 oyunda 10 dəfə (0,71) məyus etmək mümkün olub. Fransalı həm də cari mövsümdə İngiltərə Premyer Liqasında ən az top buraxan qapıçı ünvanını qoruyur.
“Nitsa” kimi, onun gənc qapıçısı Yoan Kardinal da Fransa Liqa-1-dəki performansı ilə diqqət çəkir. Bu mövsüm 17 görüşdə 12 qol (0,70) buraxan 22 yaşlı qolkiper komandasının çempionata liderlik etməsində önəmli rol oynayır.
“Böyük beşlik” ölkələrində ən aşağı göstərici İtaliya A seriyasının qapıçılarına məxsusdu. “Yuventus” turnir cədvəlinə başçılıq etməsinə baxmayaraq, 16 turda 14 dəfə mərkəzə dəvət edilib. “Qoca sinyora”nın 38 yaşlı qolkiperi Canluici Buffon çərçivədə dayandığı 14 qarşılaşmada 13 qola (0,92) məyus olub.
Maraqlıdı ki, Türkiyədə cari mövsümün ən etibarlı qapıçısı Yohannes Hopfdu. “Gənclərbirliyi”nin isveçli qolkiperi keçirdiyi 14 Superliqa matçında rəqiblərin 8 zərbəsinə üzülüb. Orta hesabla isə hər görüşə 0,57 qol düşür. Hopf “böyük beşlik” ölkələrindəki həmkarlarını qabaqlamasına baxmayaraq, o da Bezotosnıya çata bilmir.