“Qəbələ” ilə qalmaqallı görüşdə baş verən neqativ hallar, deyəsən, həm də "Qarabağ"ın işinə yaradı. Belə olmasaydı, jurnalistlər "mix-zona"da klubun mətbuat xidmətinin rəhbəri tərəfindən aldadılmazdı.
Maraqlıdı ki, ötən tur “Kəpəz” üzərində qazanılan qələbədən sonra Ağdam təmsilçisi media nümayəndələri ilə görüşə vur-tut bir futbolçunu gətirməyi bacarmışdı. Həmin vaxt baş məşqçi Qurban Qurbanov “əsgər"lərinə media ilə ünsiyyəti yasaqlamışdı. Bununla bağlı fikirlərimizi yazmış, hətta çempionatın təşkilatçısı olan PFL-in buna reaksiya verəcəyini, öz bayrağı altında keçirilən yarışa komandaları hörmət etməyə məcbur olmağa səsləmişdik. Amma o səs Suraxanıya çatmadı.
Belə olmasaydı, KİV əməkdaşları yenə “Qarabağ”in futbolçularının danışacağını 1 saata yaxın gözləməz, sonda isə mətbuat xidmətinin paltardəyişmə otağında heç kimin qalmadığı xəbərinə ah çəkməzdi. Düzdü, oyundan sonra gərgin anlar yaşandı. Amma bu gərginlik rəqib klub rəsmiləri ilə hakimlər arasında baş verdi. Onların rəqib futbolçularla işi olmadığı aydan arı, sudan duru idi. Niyəsə, “Qarabağ”dan heç kim gözə dəymədi…
İşin maraqlı tərəfi PFL rəhbərliyinin hələ çempionatdan öncə hər qarşılaşmadan sonra Premyer Liqa klublarının “mix-zona” təşkil etməyə və jurnalistlərin futbolçularla ünsiyyət qurmasına şərait yaratmağa borclu olmasını açıqlamasına rəğmən, “Qarabağ” buna “Qəbələ” ilə görüşdən sonra rəsmi şəkildə “yox” dedi. Bunu xatırladan zaman isə klub rəsmisi bu öhdəliyin hansı kitabda yazıldığını göstərməyimizi istədi.
Burdan PFL-ə səslənirik: Oyundan sonra Premyer Liqa klublarının “mix-zona” təşkil etməyi məcburidirmi? Məcburidirsə, bu məcburiyyət təlimatda göstərilibmi? Bəs belə təlimat varsa və klub onu icra etmirsə, cəzası nədən ibarət olacaq?
Suallarımıza cavab gözləyirik, əgər vaxtınız varsa…
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı