[b]Ömər Paşayev də FİFA hakimi olarmış... məcburiyyətdən![/b]
15.11.2016 - 12:05
[b]Ömər Paşayev də FİFA hakimi olarmış... məcburiyyətdən![/b]

2017-ci ildən Azərbaycanı beynəlxalq arenada daha bir hakim -  Ömər Paşayev də təmsil edəcək. Apasport.az saytının araşdırmalarına görə, FİFA referisi adı alan gənc hakimin bu sahədəki karyerası qısa olması ilə diqqət çəkir.

 

Belə ki, Paşayev cəmi 4 ildi Topaz Premyer Liqasının matçlarına təyinat alır. O, 2012-ci il noyabrın 28-də ölkə kubokunun MOİK – “İnter”, dekabrın 2-də çempionatın “İnter” – “Rəvan” matçında dördüncü hakim kimi meydana çıxıb.

 

2013-cü il aprelin 9-da baş tutan “Kəpəz” – “Turan” qarşılaşmasında Gəncə stadionuna çıxan referi ilk dəfə baş hakim kimi fit çalmağa müyəssər olub. Bu, onun 2012/13 mövsümündə ilk və yeganə matçı idi.

 

Artıq 2013/14 mövsümündə daha çox 12 matçda Paşayev söz sahibi olub. Lakin ona daha çox ikinci dərəcəli qarşılaşmalar – iddialılarla zəiflərin oyunları həvalə edilib.

 

2014/15 mövsümündə nəticəsi ləğv edilən matçlar da nəzərə alınmaqla, 17 dəfə şans qazanan Paşayev növbəti çempionatda aparıcı rollardan birinə yiyələnib. Belə ki, 2015/16 mövsümündə 36 turdan 23-də Paşayev baş hakim olub. O, bir sıra vacib qarşılaşmalara da təyinat alıb.

 

Lakin onun idarə etdiyi qarşılaşmalar qalmaqallardan da uzaq olmayıb. Dəfələrlə mübahisəli, hətta şübhəli qərarlar verməsi klubların da narazılığı ilə müşahidə edilib. Bir neçə dəfə aşağı liqa və əvəzedicilərin də çempionatına “sürgün edilən” hakim üçün cari mövsüm də uğursuz hesab olunur.

 

Yeni FİFA referisi arxada qalan 11 turda cəmi 3 matç idarə edib. Özü də liderlər “Qarabağ”la “Qəbələ”nin görüşlərinə təyinat almayıb. III turda “İnter” – “Kəpəz”, VII turda isə “Neftçi” – “Kəpəz” görüşündə fit çalan Paşayev X turda “İnter”lə “Sumqayıt”ı meydana çıxarıb.

 

Bir sözlə, onun Premyer Liqa karyerası hələlik 56 görüşdən ibarətdi. Düzdü, referi paralel olaraq Azərbaycan kuboku, həmçinin divizion və əvəzedicilərin yarışlarına da təyinatlar alıb.

 

Qısa müddətdə Paşayev beynəlxalq təcrübə də qazana bilib. Hakimlərin ölkə xaricindəki toplanışlarında yoxlama oyunlarına ən çox təyinat alanlardan olan gənc referi Bakıda keçirilən “Caspian Cup”da da təcrübə qazanıb.

 

O, dördüncü hakim kimi qatıldığı avrokubok və yığmaların Avropa çempionatlarında da təcrübə əldə edə bilib. 1 dəfə U-21, 3 dəfə U-19-ların matçında ehtiyat hakim olan Paşayev Avropa Liqası və Gənclər Liqasının hərəsində 2 dəfə bu funksiyanı icra edib. “Qəbələ”nin Moskva “Dinamo”su ilə bu ilki, “Rəvan”ın “Spartak”la ötənilki görüşlərində də dördüncü hakim Paşayev idi.

 

Belə düşünmək olar ki, Hakimlər Komitəsi öncədən ona belə təcrübə qazandırmaqla FİFA referiliyi üçün yetişdirirdi. Lakin bunun fonunda Paşayevin kobud səhvləri də bir sıra qalmaqallar yaradıb.

 

2014-cü ilin noyabrında AZAL-ın “Qəbələ”, cəmi 7 ay öncə “Qəbələ”nin “Sumqayıt”la görüşlərində böyük qalmaqal yaşanıb. Hər iki halda birincilərin ciddi narazılıqlarına səbəb olan səhvlərə yol verən Paşayev aranı ciddi şəkildə qarışdırıb. Hətta bununla bağlı bəyanat da yayan “Qəbələ” çempionatdan çıxmaq ehtimalını götür-qoy edib. Məhz həmin baş verənlərdən sonra Paşayev “qırmızı-qaralar”ın görüşlərini idarə etmir.

 

Əslində, Paşayevin FİFA referiliyi üçün təqdimatı daha çox məcburiyyətdən atılan addımdı. Əliyar Ağayev və Rəhim Həsənovla müqayisədə geri qalan Orxan Məmmədovu əvəzləməyə hakim tapmayan komitə seçimini Paşayevin üzərində dayandırıb.

 

Məmmədovun geri çağırılması isə təbiidi. Çünki o, FİFA hakimi olduğu iki ildə cəmi 9 matça təyinat alıb. 4 dəfə U-17, 2 dəfə U-21 yığmalarını seçmə oyununa çıxaran hakim Avropa Liqasında iki ilə 2 matçın baş hakimi olub və Gənclər Liqasında şans qazanıb.

 

Hakimlər Komitəsinin özü də Məmmədova çox güvənmir. Cari mövsümdə cəmi 4 dəfə Premyer Liqa görüşündə söz sahibi olan sabiq laynsman ötən çempionatda 16 dəfə şans qazanmışdı. Bu üzdən onun başqası ilə əvəzlənəcəyi qaçılmaz idi. Futbol hakimliyin ümumi səviyyəsinin zəif olduğu ölkəmizdə digərlərindən ciddi şəkildə fərqlənən biri olmadığından seçim məhz Paşayevin üzərində dayandırılıb.