DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 10-dakı matçdan bir gün əvvəl hər iki komandanın baş məşqçisi jurnalistlər önünə çıxacaq.
Əvvəlcə qonaq komandanın çalışdırıcısı Maykl Onil mətbuat konfransı keçirəcək. Sabah saat 18:15-də başlayacaq konfransdan 45 dəqiqə sonra britaniyalılar son məşqə çıxacaqlar.
Bunun ardından 19:45-də millimizin baş məşqçisi Robert Prosineçki komandanın son durumu barədə jurnalistləri məlumatlandıracaq. 20:15-də isə yığmamız son məşqinə çıxacaq.
Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Mətbuat konfransları və son məşqlər qarşılaşmanın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.