[b]Oqtay Abdullayev Mahir Şükürova: Deyəsən, çaşır[/b]
12.01.2018 - 12:34
[b]Oqtay Abdullayev Mahir Şükürova: Deyəsən, çaşır[/b]

“Sovet dönəmindəki futbol indikindən güclü idi. Elə o dövrün məşqçiləri də indikilərdən güclü olub”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Oqtay Abdullayev deyib.

 

Millimizin sabiq müdafiəçisi Mahir Şükürovun “CBC Sport” telekanalındakı müsahibəsinə münasibət bildirən Futbol Veteranları İttifaqının sədri onu qınayıb.

 

Şükürovun “Sovet dövrü futbolçularını yollayın, yenilərə, gənclərə şans verin” fikrini qəbul etməyən Abdullayev əks arqument gətirib: “Mahir bununla nə demək istəyir? Bilirsiz, hətta əsgərlikdə də “ded-molodoy” söhbəti olur. Yaşlı nəsil olmasa, cavanlar heç vaxt irəli gedə bilməzlər. Keçmişini yaddan çıxaran insanın gələcəyi olmaz. Atalar boş yerə deməyiblər ki, yaşlılardan daim məsləhət almaq lazımdı. Mahir Şükürov və onun yaşıdları Sovet dövrünün futbolçularından görüb götürüblər. O vaxtın futbolu daha güclü olub. SSRİ dağılandan sonra futbol bütün respublikada “öldü”. Yaxşı cavan məşqçilər də var. Məsələn, Rəşad Sadıqov bacarır, gəlib işləyir. Güclü futbolçu ola bilərsən, amma bu o demək deyil ki, mütləq böyük məşqçi adını qazanacaqsan. Kim güclüdüsə, o da işləməlidi. İş tapa bilməyənin nəsə deməsi düzgün deyil”.

 

Şükürov müsahibəsində “kimə ki, şans verirlər, o dəqiqə “qarğa kimi qonurlar” üstünə ki, bundan məşqçi olmaz”, fikrini səsləndirib. Veteran futbolçunun buna cavabı isə daha sərt olub: “Qarğa kimi qonurlar” deməsi, artıq təhqirdi. Bunu deməyə haqqı yoxdu. Veteran işləməsin, acından ölsün? Yaxşı nəticə verirsənsə, yaşın burda heç bir önəmi olmamalıdı. Hər yaxşı futbol oynayanı gətirib baş məşqçi qoymalısan? Anatoli Banişevski də güclü futbolçu olub, amma məşqçi kimi onda alınmadı. Futbolçu vaxtında nə etdin, qaldı orda. Ondan sonra məşqçi kimi gücünü göstərməlisən. İşləyə bilmirsənsə, başqasını lağa qoymağa haqqın yoxdu. Kimdən artıqsan? Bu cür fikirlər səsləndirmək düzgün deyil. Vaxt gələcək, Mahirin özünə bu sözləri deyəcəklər, görək ona necə təsir edəcək”.

 

Mahirin özünü müstəqillik dönəminin ən yaxşısı saymasına gülərək qarşılıq verən 63 yaşlı mütəxəssis Peleni nümunə göstərib: “Onu təhqir eləmək istəmirəm. Buna futbolçu özü yox, azarkeşlər, mütəxəssislər qiymət verməlidilər. Pele indinin özündə də demir ki, mən ən güclüyəm. Onu millət bir nömrə seçib. Bir insan deyirsə ki, mən ən güclüyəm, ona sözüm yoxdu”.

 

Oqtay Abdullayev futbolçu dönəmində siqaret çəkdiyini etiraf edən “Neftçi”nin sabiq kapitanını buna görə də qınayıb: “Futbolçunun siqaret çəkməsi düzgün deyil. Şahmatçının bunu etməsi normaldı. Futbolçunun gərək nəfəsi olsun ki, qaça bilsin. Mahir yaxşı oğlandı, amma bilmirəm belə fikirlər hardan ağlına gəlir. Deyəsən, çaşır”.

0