[b]PAOK “Qarabağ”la oyundan öncə problemlə üzləşdi [/b]
18.10.2016 - 10:32
[b]PAOK “Qarabağ”la oyundan öncə  problemlə üzləşdi [/b]

Avropa Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq PAOK qarşılaşmanın hazırlıqlarına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Saloniki təmsilçisi heyətlə bağlı problemlər yaşayır.

 

Bir neçə zədəli oyunçunun olduğu bildirilən xəbərdə həmin futbolçuların son durumu ilə bağlı məlumat verilib. Yunanıstan Super Liqasının VII turunda “İraklis”lə (1:0) qarşılaşmada zədələnərək fasilədə əvəzlənən Stelios Malezasın durumu qeyri-müəyyəndi. Dünən MRT müayinəsindən keçən mərkəz müdafiəçisinin taleyinə bu gün aydınlıq gələcək. “İraklis”lə görüşdə zədələnən digər futbolçu Marin Leovaçın vəziyyəti isə qənaətbəxşdi. Xorvatiyalı müdafiəçinin bu gün məşqlərə başlaması gözlənilir.

 

Son oyunu buraxan müdafiəçi Dimitris Ciannulis bərpaedici məşqləri başa vuraraq, kollektivə qoşulub. Məşqlər zamanı ayağında ağrılar hiss edən yarımmüdafiəçi Dimitris Pelkas bu gün tibbi müayinədən keçəcək.

 

Nəhayət, komandanın daha bir aparıcı müdafiəçisi Georgios Tzavellas trenajor zalında reabilitasiya məşqi keçib. Onun da bu gündən məşqlərə qoşulması gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0