[b]PAOK kapitanını itirdi[/b]
04.11.2016 - 15:31
[b]PAOK kapitanını itirdi[/b]

PAOK Avropa Liqasının IV turunda təkcə 3 xal yox, bir aparıcı futbolçusunu da itirib. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisinin evdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada kapitan Stefanos Atanasiadis cəzalı duruma düşüb.

 

Matçın 4-cü dəqiqəsində Ağdam klubunun müdafiəçisi Maksim Medvedevə qarşı kobudluq edən 27-ci yaşlı hücumçu şotlandiyalı baş hakim Con Biton tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Bu isə onun qrup mərhələsində 3-cü “sarı”sı olub. Atanasiadis ilk iki turda “Fiorentina” və “Slovan”la qarşılaşmalarda da eyni halla üzləşmişdi.

 

3-cü sarı vərəqə isə Yunanıstan millisinin üzvünün cəzalı duruma düşməsinə səbəb olub. Bu isə o deməkdi ki, Atanasiadis noyabrın 24-də “Fiorentina” ilə səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Stefanos Atanasiadis qrup mərhələsində PAOK-un vurduğu hər iki qolun müəllifidi. O, II turda “Slovan”la səfər görüşündə dubla imza atıb.