Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK-un zədəli futbolçularının durumuna aydınlıq gəlib. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Saloniki təmsilçisinin üzvləri bu gün tibbi müayinədən keçiblər.
Məlum olub ki, PAOK-un bir neçə futbolçusu 2 gün sonra “Qarabağ”la keçiriləcək matçda iştirak etməyəcək. Georgios Tzavellasın qayıdışı bir qədər yubanacaq. Dimitris Pelkasın isə Ağdam klubu ilə görüşü buraxacağı dəqiqdi. Tibbi müayinədən sonra müəyyənləşib ki, adıçəkilən futbolçu təxminən 15 gün yaşıl meydanlardan uzaq qalacaq.
“İraklis”lə çempionat oyununda zədələnərək fasilədə əvəzlənən Stelios Malezasın da durumuna aydınlıq gəlib. MRT-nin (Maqnit Rezonans Tomoqrafiyası) nəticələrinə əsasən, mərkəz müdafiəçisi sabahdan etibarən kollektivlə birgə məşqlərə qatılacaq.
Digər zədəli futbolçu Marin Leovaç isə fərdi hazırlıqla kifayətlənib. Məşqçilər korpusunun “Qarabağ”la oyunda onu meydana buraxmaqla, risk edəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək.