[b]Çex rekord vursa da, azərbaycanlı qapıçıya "uduzur"[/b]
29.12.2015 - 12:28
[b]Çex rekord vursa da, azərbaycanlı qapıçıya "uduzur"[/b]

“Arsenal”ın 33 yaşlı qapıçısı Petr Çex İngiltərə Premyer Liqasında 170 quru oyun keçirməklə yeni rekorda imza atıb. Apasport.az saytının müqayisəsinə görə, Çexiya millisinin qolkiperinin bu göstəricisi Azərbaycan rekordundan 32 matç çoxdu.

 

 

Belə ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında hesabında ən çox quru oyun olan qapıçı Rauf Mehdiyevdi. Artıq karyerasını başa vuran əlcək sahibinin hesabında 138 belə görüş var.

 

 

Həmyerlimiz əfsanəvi çexiyalıdan geri qalsa da, Petrin də ona həsəd aparmağa əsası var. Çünki Çex 170 quru oyuna Premyer Liqadakı 352 matçda nail olub. Bu isə onun meydana çıxdığı görüşlərin təxminən 48 faizində qapısını toxunulmaz saxlaması deməkdi.

 

 

Mehdiyev isə 138-ə 260 qarşılaşmada nail olub. Meydana çıxdığı görüşlərin yarısından çoxunda – 53 faizində “sıfır”a nail olan təmsilçimiz Çexi 5 faiz qabaqlayır.