[b]Premyer Liqa klubları 2015-ci ildə 7 məşqçini yola salıb[/b]
30.12.2015 - 12:19
[b]Premyer Liqa klubları 2015-ci ildə 7 məşqçini yola salıb[/b]

Başa çatmaqda olan 2015-ci ildə Topaz Premyer Liqasında çıxış edən klublarda 7 baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün son, 2015/16 mövsümünün ilk 18 turunda çıxış edən 12 klubdan 6-sı çalışdırıcısı ilə yollarını ayırıb.

 

“Qarabağ”, “Qəbələ”, AZAL bütün ili, “Zirə”, “Kəpəz”, “Bakı” isə yüksək dəstədə keçirdiyi 5 ayı eyni baş məşqçi ilə irəliləyib. “Neftçi” də isə 12 ayda iki çalışdırıcı yola salınıb. Ötən mövsümü mükafatsız bitirib, Avropa Liqasına vəsiqə ilə kifayətləndikdən sonra Arif Əsədova “qapını göstərən” paytaxt təmsilçisi avrokubok və çempionatdakı uğursuzluqlardan sonra debütü korlanan Samir Əliyevlə də eyni cür davranıb.  Sonda isə “ağ-qaralar” yoluna Əsgər Abdullayevlə davam edib.

 

2015-ci ildə postunu tərk edənlərdən ikisi legioner olub. Maraqlıdı ki, onların hər ikisi ötən mövsümün sona çatmasına 1 tur qalmış komandanı başsız qoyub. Kaxaber Sxadadze 6 il çalışdırdığı “İnter”i gümüş mükafatçı kimi tərk edib. Vaxtilə Bakı klubunda onun köməkçisi olan Georgi Çixradze isə “Simurq”u tarixinin son matçı öncəsi baş məşqçisiz qoyub. Sxadadzenin komandasına sonradan Zaur Svanadze rəhbərlik edibsə, Zaqatala təmsilçisi tarixin yaddaşına köçüb.

 

İlin digər üç istefası isə yerli və gənc çalışdırıcıların adı ilə bağlıdı. “Xəzər Lənkəran” ötən mövsüm başa çatan kimi Elbrus Məmmədovla yollarını ayırıb, Yunis Hüseynovu bu vəzifəyə gətirdi. “Rəvan” isə çempionatın I dövrəsi başa çatmamış Emin Quliyevi “köhnə-təzə” çalışdırıcısı Bəhmən Həsənovla əvəzlədi. “Sumqayıt” isə bir neçə ildi güvəndiyi Aqil Məmmədov istefaya göndərdi. “Gənclik şəhəri” təmsilçisi bu vəzifəyə əvəzedicilərin çalışdırıcısı Samir Abasovu təyin etdi.