[b]Premyer Liqada qalmağa kim şansılıdı: “Xəzər Lənkəran, yoxsa ”Rəvan”?[/b]
27.04.2016 - 14:28
[b]Premyer Liqada qalmağa kim şansılıdı: “Xəzər Lənkəran, yoxsa ”Rəvan”?[/b]

Topaz Premyer Liqasının sonuna 5 tur qalmış I diviziona düşməyə iki namizəd var. Apasport.az saytı hərəyə 14 xalla son iki pillədə qərarlaşan “Xəzər Lənkəran”la “Rəvan” sonuncu olmamaq üçün mübarizəsinin necə gedəcəyini araşdırıb.

 

Hərəyə 14 xala malik komandaların son 5 turdakı qarşılaşmaları eyni gündə keçiriləcək. Hazırda şəxsi oyunlardakı üstünlük “Xəzər Lənkəran”ın 9-cu, “Rəvan”ın 10-cu yerdə qərarlaşmasına səbəb olub. Məsələ ondadı ki, səfərdə 1:0 hesablı qələbəyə sevinən cənublular evdə iki dəfə heç-heçəylə kifayətlənib – 1:1, 0:0.

 

Rəqiblərin sonuncu – mövsümdəki 4-cü dueli isə hələ baş tutmayıb. Ən maraqlısı odu ki, iki komanda arasında matç sonuncu tura təsadüf edəcək. Həlledici ola biləcək görüşün sıra nömrəsi də sonuncu – 180-cini göstərir.

 

İndiki durumda – xalların bərabər olduğu halda, Bakıdakı oyunda meydan sahiblərini yalnız qələbə qane edəcək. “Ağ-yaşıllar” isə rəqibinə uduzmasa, sonuncu olmayacaq.

 

Lakin autsayderlərin əyani duelinədək onlar hərəyə 4 matç keçirəcək və rəqiblərdən hansınınsa önə keçməsi mümkündü. Belə olsa, son tur öncəsi axırıncı pillədəki komanda mütləq qalib gəlməlidi. Təbii ki, bir şərtlə - mayın 21-dəki qarşılaşma formal xarakter daşıması üçün sonunculuq intriqası ölsə. Yəni, komandalardan biri 4 xal önə keçsin. 3 xallıq fərqin yaranması isə geridə olan komandanın qələbəsini məcburi edəcək. Düzdü, “Rəvan” 3 xal geridə olsa, qələbə yetərli olmaya da bilər. Əgər cənublular son turda qol vurub, minimal fərqlə uduzsa, xal bərabərliyin onların xeyrinə olacaq.

 

Belə əhəmiyyətli görüşü formallığa çevirmək və ya önə keçmək şansları isə təxminən eynidi. “Xəzər Lənkəran”ın ilk 3 oyundakı xal perspektivi çox azdı. Avrokuboklar üçün “döyüşən” AZAL, həmçinin bürüncü hədəfləyən “İnter”lə “Kəpəz” üçün də xal qızıl dəyərində olduğundan cənubluların məğlubiyyət seriyasını qırması çətin olacaq.

 

XXXV turda 3 xal qazanmaq isə mümkündü. Çünki Elbrus Məmmədovun yetirmələri öz meydanında “Sumqayıt”la qarşılaşacaq. Turnir cədvəlindəki qonşu həm cənubluların gücünə gör rəqibdi, həm də qonaqlar üçün çempionatda hansısa intriqanın qalmadığı aşkardı.

 

“Rəvan” üçün də xal mənbəyi sumqayıtlılar ola bilər. Autsayderin “İnter”lə “Kəpəz”i büdrətməsi o qədər inandırıcı görünmür. Bakılılarla matçadək çempionluğu rəsmiləşdirib, formal oyuna çıxacaq “Qarabağ”la oyunda sensasiyaya imza atmaq mümkündü. Amma ardıcıl 3 dəfə çempion olan komandanın nüfuzunu qoruyub, uduzmaması daha realdı.  Bu qarşılaşmadakı cüzi şansları və “Sumqayıt”la matçın səfərdə keçiriləcəyini nəzərə alsaq, Bəhmən Həsənovun yetirmələrinin “Xəzər Lənkəran”la təxminən eyni şansa malik olduğunu söyləmək mümkündü. Bir sözlə, hər şeyi son tur həll etməli olacaq.

 

Amma bunun yalnız sonuncu pillənin sahibinin adına aydınlıq gətirəcəyini demək mümkündü. Çünki aşağı dəstəyə düşməklə bağlı qəti fikir söyləmək olmaz. Son illər heç də bütün autsayderlərin I diviziona yollanmaması və əks istiqamətdə gələnlərin xaotikliyi belə düşünməyə əsas verir.

 

“Xəzər Lənkəran”ın son 5 oyunu

30 aprel  (şənbə)

158. AZAL  – “Xəzər Lənkəran”

07 may (şənbə)

163. “Xəzər Lənkəran”  – “Kəpəz”

11 may  (çərşənbə)

169. “İnter”  – “Xəzər Lənkəran”

15 may (bazar)

172. “Xəzər Lənkəran”  –  “Sumqayıt”

21 may  (şənbə)

180. “Rəvan”  –  “Xəzər Lənkəran”

 

“Rəvan”ın son 5 oyunu

30 aprel  (şənbə)

159. “Kəpəz”  – “Rəvan”

07 may (şənbə)

162. “Rəvan”  – “İnter”

11 may  (çərşənbə)

170. “Sumqayıt”  – “Rəvan”

15 may (bazar)

171. “Rəvan”  – “Qarabağ”

21 may  (şənbə)

180. “Rəvan”  –  “Xəzər Lənkəran”