[b]Premyer Liqadan ibarət Azərbaycan yığması[/b]
09.03.2017 - 11:57
[b]Premyer Liqadan ibarət Azərbaycan yığması[/b]

Bu gün Qətərlə keçiriləcək yoldaşlıq görüşü Azərbaycan millisi üçün yalnız yerli klubların oyunçuları ilə meydana çıxmaqla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Dohadakı qarşılaşmada yalnız Premyer Liqa futbolçularına güvənəcək Robert Prosineçki uzun müddətdən sonra yaşanan bu hadisəni izləyəcək.

 

Belə ki, millimiz son 42 matçda ən azı bir legionerə güvənib. Söhbət milliləşən əcnəbilərdən deyil, xaricdə legioner həyatı yaşayan bizimkilərdən gedir.

 

Sonuncu belə hal Berti Foqtsun baş məşqçilik dönəminə təsadüf etdiyindən Prosineçki ilk dəfə Premyer Liqadan asılı vəziyyətlə üzləşir. Yerli klubların oyunçuları ilə keçirdiyimiz son görüş isə 2011-ci il iyunun 7-nə təsadüf edib.

 

Almaniyalı mütəxəssis komandamızı həmyerliləri ilə Bakıdakı seçmə oyununa çıxarıb. Bundestim də AVRO-2012-nin matçında 3:1 hesablı qələbə qazanıb. Həmin görüşdə “Qarabağ” 4, “Xəzər Lənkəran” 3, “Neftçi” və “Qəbələ” 2, “Bakı”, “İnter”, “Turan” 1 oyunçu ilə təmsil olunmuişdu.

 

Millimiz təxminən 6 ildən sonra, yəni 2102 gündən sonra yalnız yerlilərə güvənmək məcburiyyətində qalıb. Qətərə gedən yığmaya “Qarabağ” 9, “Qəbələ” 6, “İnter” 4, “Zirə” 2, “Neftçi” 1 futbolçu verib.