İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XXIV turunun 1 oyunu ilə bağlı da hüquqi qiymət verilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, aşağı dəstədə çempionluğu rəsmiləşdirmiş “Turan Tovuz” komandası 80 manat məbləğində cərimə edilib.
Buna “Turan Tovuz” – MOİK matçında hər iki komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. Tovuz təmsilçisi ilə yanaşı, MOİK-ə də eyni məbləğdə cərimə kəsilib.
Qeyd edək ki, I divizionda sona 2 tur qalmış “Turan Tovuz” ən yaxın izləyicisi olan “Səbail”i 6 xal qabaqlayır. Aktivində 33 xal olan MOİK isə 8-ci pillədə qərarlaşıb.