[b]"Məlumat mətbuata bilərəkdən sızdırılır" - Prosineçkiyə gələn təkliflər ciddidirmi?[/b]
08.06.2017 - 17:18
[b]"Məlumat mətbuata bilərəkdən sızdırılır" - Prosineçkiyə gələn təkliflər ciddidirmi?[/b]

Millimizin baş məşqçisi Robert Prosineçki son vaxtlar xarici mətbuatda tez-tez gündəmə gəlir. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcının adı müxtəlif klublarla birgə hallanmaqdadı.

 

Həmkarlarımız onu gah “Valensiya”ya “aparırlar”, gah da “Konyaspor”a. “Bursaspor”un Prosineçki ilə danışıq aparması isə artıq adi hala çevrilib. “Ağ-yaşıllar” yığmamızla ilin sonuna qədər müqaviləsi olan 48 yaşlı mütəxəssisdən əl çəkmirlər.

 

Futbol ictimaiyyətinin üzvləri Prosineçki ilə bağlı yayılan xəbərlərin nə dərəcədə real olduğunu, bu cür söz-söhbətlərin Şimali İrlandiya ilə oyun ərəfəsində xorvatiyalının işinə mənfi təsir göstərib-göstərməyəcəyini dəyərləndirdilər...

 

Ağasəlim Mircavadov (millinin sabiq baş məşqçisi): “Əvvəlki illərlə müqayisədə indi peşəkar sözləşmələr bağlanılır. Bu isə o deməkdi ki, müqavilənin şərtlərinə uyğun şəkildə davranmalısan. Şəxsən mən, xalq, futbol ictimaiyyəti, rəhbərlik, bir sözlə hamı diqqətini iyunun 10-da Şimali İrlandiya ilə keçiriləcək oyuna yönəldib. Prosineçki də fikrini bu görüşə cəmləməlidi. Mən belə məsələlərə bir az fərqli prizmadan yanaşıram. Təklif gəlibsə, vaxtı çatanda onu rəhbərliklə müzakirə etməlisən. Gündə bu cür xəbərlərin çıxmasını yaxşı qarşılamıram. Prosineçkinin rəhbərliyi altında yığma seçmə mərhələyə yaxşı start verdi. Həmin uğurun ardını gətirmək lazımdı”.

 

Vaqif Sadıqov (yığmanın keçmiş çalışdırıcısı): “Prosineçki hər dəfə açıqlamasında bu cür söz-söhbətlərin işinə mənfi təsir göstərmədiyini bildirir. Məsələyə peşəkar yanaşır. İndiki məqamda bütün diqqətini Şimali İrlandiya ilə oyuna yönəldib. Çünki millinin tarixində yeni səhifə açmaq şansı var.  

Mən “Bursaspor” tərəfini qınayıram. Peşəkarsansa və məşqçinin AFFA ilə müqaviləsinin olduğunu bilirsənsə, bu cür vacib oyundan qabaq belə etməməlisən. Görünür, Prosineçkinin fikrini dəyişməsini istəyirlər. Amma mən onun yerində olsaydım, hazırkı işimi davam etdirərdim. Prosineçki məşqçi kimi məhz Azərbaycan yığmasındakı fəaliyyəti nəticəsində Avropada daha da tanındı. Bunu unutmaq olmaz. Əgər qərar verəcəksə, müqaviləsinin başa çatmasını gözləməlidi. İlin sonunda müzakirələr aparmalı, özü də vəziyyəti təhlil etməli, sonra qərar verməlidi. İndiki məqamda isə bütün diqqəti Şimali İrlandiya ilə matça yönəltmək lazımdı. Prosineçki də məhz bu cür davranır”.

 

Vaqif Heydərli (FİFA meneceri): “Bu xəbərlərin nə dərəcədə doğru olduğunu işin içində olanlar dəqiq bilərlər. Amma Prosineçki Türkiyədə sevilən, ehtiyac duyulacaq məşqçilərdəndi. Yadımdadı, “Kayserispor”da işlədiyi vaxt “Beşiktaş” onunla maraqlanmışdı. Vaxtilə tanınmış oyunçu olub, Xorvatiya futbolunun brendi sayılır. Buna görə də, ona təkliflərin gəlməsi normaldı.

“Bursaspor”un ilk təklifi AFFA tərəfindən qəbul edilmədi. Buna baxmayaraq, klub rəhbərliyi yenə cəhd edir, bu da normaldı. Bəlkə AFFA təzminat qarşılığında Prosineçkini buraxmağa razılaşacaq və ya xorvatiyalı məşqçi fikrini dəyişəcək? Buna görə də, “Bursaspor” tərəfi cəhdini davam etdirir. Fikrimcə, yığmamızda qalması Prosineçkinin xeyrinə olar. Çünki Türkiyə klublarına baş məşqçi getmək böyük riskdi. Onların mətbuatı adamı bir günün içində qəhrəman da edə bilər, vətən xaini də. Prosineçkinin millimizdəki işi hiss olunur. Yığma səviyyəsinə görə, onun rəhbərliyi altında yaxşı nəticəyə imza atır”.

 

Mirağa Mirzəyev (“Futbol+” qəzetinin əməkdaşı): “Fikir vermisinizsə, hər dəfə millinin oyunları ərəfəsində Prosineçkinin adı müxtəlif klublarla hallandırılır. Bu situasiya bizə tanışdı: Berti Foqtsun vaxtında da eyni cür idi. Belə çıxır ki, kimlərsə baş məşqçinin iş yerini dəyişəcəyi ilə bağlı məlumatı bilərəkdən mətbuata sızdırırlar. Hər halda, yaxşı hal deyil. Yığma üzvləri istər-istəməz bu xəbərin təsiri altına düşürlər. Milli kimi, Prosineçki üçün də Şimali İrlandiya ilə oyun çox əhəmiyyətlidi. Qələbə qazansa, komandamızın iddiası artacaq və belədə xorvat mütəxəssis istəsə belə, AFFA-nın onu göndərəcəyinə inanmıram. Əks halda, haqlı iradlarla qarşılaşacaq. Amma iş yerini dəyişmək Prosineçkinin öz marağındadısa, onu zorla, yəni müqavilədən irəli gələn tələblərə əsir edib saxlamağın mənası yoxdu. Belədə yığmamız gec-tez ziyanını çəkəcək”.