Darıxmışdım... Həm dəyərli oxucularımız, həm də futbolumuz üçün. Oxucuları intizarda saxlayan isə mən yox, PFL-di. 8 komandalı çempionat keçirəndə oxucuların gözü intizarda qalar da.
Fasilə dönəmində Azərbaycan futbolunda elə də maraqlı olay yaşanmadı. Amma idman mediamızda nələr oldu, nələr, bir bilsəz.
Ondan başlayım ki, AFFA yanında Media Komitəsi yarananda onun ilk dəstəkçilərindən biri olmuşam, diqqətli oxucular unutmayıbsa, hətta bu barədə yazı da yazmışdım. Niyə dəstəkləyirdim, deyim biləsiz. Çünki idman mediamızda o qədər vicdanlı və kasıb insanlar var idi ki, MK-ya təqdim etdiyi yazılar sayəsində ən azı “bulka pulu” qazanacaqlarına ümidli idim. Bəli, məhz buna görə MK-nın yaranmasının tərəfdarı idim. İndi də fəaliyyət göstərməsinin tərəfdarıyam.
Mən AFFA-nın baş katibi Elxan Məmmədova sözün həqiqi mənasında qibtə edirəm. Adam haqqında haqlı və haqsız olaraq o qədər yazılar yazılır ki... Amma hələ görməmişəm ki, hansısa mətbu orqanı, sayt “Elxan Məmmədov üstümüzə qoçu dəstəsi göndərdi” və ya “Elxan Məmmədov bizi təhdid edir” yazsın. Ancaq deyəsən, bizim bu AFFA yanında Media Komitəmiz bir balaca səbirsiz çıxdı. Komitənin işindən yazmaq, ümumən narazılıq etmək olmaz - belə çıxır. Bunun bariz nümunəsini gördük, baş redaktorun sosial şəbəkədə MK haqqında yazdığı tənqidə görə onun əməkdaşının hazırladığı layihənin 300 manatını kəsdilər. Niyə, ay atam balası, niyə? Hətta vəziyyət o yerə çatdı ki, jurnalist Anar Cəfərsoy MK-dən narazılığı barədə ölkə prezidentinə qədər yazdı. Bu məsələdə nə qədər Anarı haqsız çıxarsam da, bəlkə də, ən doğru addımı atmış oldu.
İndi isə keçək futbolumuza. Yenə də köhnə hamam, köhnə tasdı. Sponsorlar qaçır, klublar dağılmaq təhlükəsiylə üz-üzədi. Görünür, klubların PFL-ə təqdim etdikləri “bank təminatları” quru kağız üstündə “fuflo” söhbət, gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Fasilədən sonra 15-ci tur start götürdü. Pulsuzluqdan qış toplanışını vətəndə keçirən “Kəpəz” yiyəsi-sahibi olmayan “İnter”in qarşısında çox aciz göründü. “İnter”dən söz düşmüşkən, yəqin bildiz niyə “yiyəsi-sahibi olmayan” dedim. Azərbaycan Beynəlxalq Bankı “ağ-göylər”ə sponsorluq etməyəcəklərini rəsmən bəyan etdi.
“Qəbələ” doğma meydanında ondan 14 xal geri qalan “Sumqayıt”a 1 xal “hədiyyə” etmiş oldu. “Hədiyyə” gözlənilməz olduğundan, “Qəbələ”lilər gözlərini bazar günü baş tutan “Qarabağ” - “Neftçi” oyununun nəticəsinə tuşlamışdılar ki, matçın baş hakimi Ramil Diniyev penaltinin olub-olmamasını özündən başqa oyunda olan 4 hakimdən yox, “Qarabağ”ın oyunçusu Ağabala Ramazanovdan soruşmuş oldu (Ağabala belə deyir).
7 “qardaş”ı (oxu: sponsoru) olan “Zirə”nin isə təyyarəsi Xəzər sularında batmış AZAL-dan (oxu: adı var, özü yox sponsor) xal alması qaçılmaz idi və bu da baş tutdu.
Tanıyanlar bilir ki, çox pozitiv adamam. İnanıram ki, bütün bunlar nə vaxtsa düzələcək. Amma Premyer Liqada komandalar azaldıqca, sponsorlar “burcutduqca” dişim bağırsağımı kəsir, dəli oluram. Bu saat çempionatımız ölüsü düşmüş evi xatırladır. Ölüsü düşmüş dedim, Aşıq Ədalətin başına gələn hadisə yadıma düşdü. Yazım, siz də bilin:
Qazax rayon icra hakimiyyətində tədbir var imiş, çıxış üçün Aşıq Ədalətə də söz verirlər. Ustad səhnəyə çıxhaçıxda bir nəfər onun şalvarının qabağının açıq olduğunu görür, qulağına pıçıldayır. Sənətkar kefini pozmur: "Ölüsü düşən evin qapısı açıq olar, ay oğul".
Hə, vallah, mediamızdakı durum, hakimin penaltinin olub-olmamasını futbolçudan soruşması, Premyer Liqada 8 komandanın olması elə ölüsü düşmüş evə bənzəyir, heç o tərəf-bu tərəfi yoxdu.
komanda.az
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı