[b]Qayanadan zəif, Svazilendlə şərik - Azərbaycan yığması[/b]
01.04.2016 - 11:22
[b]Qayanadan zəif, Svazilendlə şərik - Azərbaycan yığması[/b]

Aprelin 7-də milli komandaların FİFA reytinqi açıqlanacaq. Apasport.az saytının məlumatına görə, avropalı həmkarlarımız indidən təxmini siyahını tərtib ediblər.

 

Martda baş tutan seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı bu siyahıda Azərbaycan millisi də yer alıb. 6 gündən sonra rəsmən açıqlanacaq cədvəldə yığmamızı böyük geriləmə gözləyir.

 

Belə ki, Antalyada baş tutan yoxlama oyununda Qazaxıstana 0:1 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələrinin nə az, nə çox – 22 pillə geriləyəcəyi proqnozlaşdırılır. Ötən ay 112-ci olan yığmamız 134-cü pilləyə yuvarlanacaq.

 

Bu mövqeni də Svazilendlə böləcək millimiz ən çox geriləyən 3 komanda sırasındadı. Aruba 24, KXDR 18 pillə aşağı düşdüyündən komandamız dünyanın 2-ci uğursuzudu.

 

Təxmini siyahı göstərir ki, Azərbaycan yığmasının xal hesabı da 296-dan 269-a qədər azalıb. Millimiz birdən-birə 27 xal itirib. Bunun nəticəsində Qayana, Fələstin, Tanzaniya kimi ölkələr də bizi arxada qoyub.

 

Dünyanın 14-cü “onluğ”u

131 (117). Fələstin – 273

132 (132). Bəhreyn – 271

133 (156). Qayana - 270

134 (112). AZƏRBAYCAN – 269

134 (124). Svazilend - 269

136 (133). Namibiya – 267

137 (113). Aruba – 259

138 (130). Madaqaskar – 257

139 (128). Litva – 254

140 (144). Sent-Lusiya - 238

  

Proqnozlaşdırılan cədvəldə dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Argentina Belçikanın liderliyinə son qoyub. Bu iki komanda yerlərini dəyişib. Almaniya, İspaniya, Braziliya, Portuqaliya və İngiltərə yığmaları mövqelərini əldən verib. Cənubi amerikalılar – Çili, Kolumbiya və Uruqvay da Argentina kimi irəliləyib.

 

İlk “onluq”

1 (2). Argentina – 1532

2 (1). Belçika – 1352

3 (5). Çili – 1348

4 (8). Kolumbiya – 1337

5 (4). Almaniya – 1309

6 (3). İspaniya - 1277

7 (6). Braziliya – 1251

8 (7). Portuqaliya – 1184

9 (11). Uruqvay - 1158

10 (9). İngiltərə - 1069

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya  və San-Marinonun təxmini cədvəldəki mövqeləri daha da pisləşib. Şinali İrlandiya isə irəliləyiş sayəsində çexiyalıları keçib. Norveç ilk “50-liy”ə daxil olub.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

5 (4). Almaniya – 1309

26 (28). Şimali İrlandiya - 825

29 (25). Çexiya - 810

49 (51). Norveç - 605

199 (198). San-Marino – 20

 

Martın 26-da millimizi məğlub edib, uçuruma yuvarlanmasına səbəb olan Qazaxıstan 9 pilləlik sıçrayışla 116-cı yerə yüksəlib – 300 xal. Mayda keçiriləcək sınaq matçlarında üz-üzə gələcəyimiz Kanada 8 pillə geriləməklə, 95-ci yerə enib – 357 xal.

 

Türkiyə yığması 983 xalla bu siyahıda 13-cü yerdə qərarlaşıb. Bu da 7 pillə irəliləyən “ay-ulduzlular”ın son 6 il 10 ayda ən yaxşı nəticəsidi.