Bu gün Qətərlə yoxlama görüşündə üz-üzə gələcək Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki yalnız Azərbaycan çempionatında çıxış edən futbolçulara şans verəcək.
İlk dəqiqələrdən çərçivəni Səlahət Ağayev qoruyacaq. “Qarabağ”ın müdafiədəki cütlüyü Rəşad Sadıqov və Bədavi Hüseynov mərkəzdə öz yerlərini tutacaqlar. Cinahlar isə “Qəbələ”lilərə həvalə ediləcək. Belə ki, Məhəmməd Mirzəbəyov sol cinahda çıxış edəcəksə, ilk dəfə dəvət edilən Tellur Mütəllimov sağ cinahda mübarizə aparacaq.
Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayev oynayacaq. Onun önündə Rahid Əmirquliyev və yenidən milliyə dönən Cavid Hüseynov çıxış edəcəklər. Yarımmüdafiənin cinahları Namiq Ələsgərovla Ruslan Qurbanova tapşırılacaq. Namiq sağ, Ruslan isə böyük ehtimalla sol cinahdan hücuma dəstək verəcək.
Hücumun sivri ucunda isə Ağabala Ramazanov qol axtarışında olacaq.
Azərbaycan millisinin heyəti: 23. Səlahət Ağayev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov, 3. Məhəmməd Mirzəbəyov, 26. Tellur Mütəllimov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov, 18. Ağabala Ramazanov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Anar Nəzirov, 4. Tərlan Quliyev, 21. Arif Daşdəmirov, 29. Abbas Hüseynov, 7. Araz Abdullayev, 25. Ürfan Abbasov, 27. Mahir Mədətov, 11. Rauf Əliyev, 8. Elvin Məmmədov.
Qeyd edək ki, Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.