Kolumbiyanın Medelyin şəhərində keçirilən püşkatma futzal üzrə DÇ-2016-nın final mərhələsinin qruplarının tərkibinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, F qrupunda İspaniya, İran və Mərakeşlə mübarizə aparacaq komandamız rəqiblərindən yalnız biri ilə görüşüb.
Hazırda baş məşqçi axtarışında olan millimizin rəqiblərinin bir ortaq məqam birləşdirir. Onların hər üçü hazırkı qitə çempionudu. 2016-cı ildə İspaniya Avropanın, İran Asiyanın, Mərakeş Afrikanın çempionu adını qazanıb. Düzdü, sonuncuların qalib olduğu yarışın səviyyəsi o qədər də yüksək hesab olunmur.
Planetin iki ən yaxşı komandasından biri olan İspaniya millisi qatıldığı əvvəlki 7 dünya çempionatında 2 qızıl (2000, 2004), 3 gümüş (1996, 2008, 2012) və 1 bürünc (1992) medal qazanıb. 10 qitə çempionatında daim mükafatçılar sırasında olan komanda 7 qızıl (1996, 2001, 2005, 2007, 2010, 2012, 2016), 1 gümüş (1999) və 2 bürünc (2003, 2014) əldə edib.
Dünya reytinqində 2-ci olan pireneylilər indiyədək 3 dəfə yığmamızla görüşüb. 2002-ci il oktyabrın 22-də yoldaşlıq oyununda yığmamız 3:4 hesabı ilə uduzub. Ertəsi gün keçirilən qarşılaşmada isə meydan sahibləri daha amansız olub – 6:1. 2011-ci il fevralın 27-də AÇ-2012-nin seçmə mərhələsində Bakıya gələn ispanlar darmadağına sevinib – 8:3.
Yığmamızın ikinci rəqibi İran millisidi. Dünya reytinqində 5-ci olan komanda planetin ən yaxşılarından hesab olunur. Əvvəlki DÇ-lərin hamısında çıxış edən asiyalılar 1992-ci ildə 4-cü yeri də tutub. Asiya çempionatlarının final mərhələlərinin daimi iştirakçısı olan İran millisi 14 yarışdan 11-də - 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2007, 2008, 2010, 2016 qitə çempionu olub. Yığmamız tarixi ərzində bu rəqiblə qarşılaşmayıb.
Komandamız indiyədək Mərakeş millisi ilə də üz-üzə gəlməyib. Dünya reytinqində 34-cü olan Afrika təmsilçisi mundiallarda 2-ci dəfə çıxış edəcək. Mərakeşlilərin debütü DÇ-2012-yə təsadüf edib. 4 dəfə qitə çempionatına qatılan yığma 2000-ci ildə gümüş, 2004 və 2008-də bürünc qazandığı yarışda yeganə qızılını bu il əldə edib.