Topaz Premyer Liqasının 2016-2017 mövsümünün I dövrəsi başa çatdı. Apasport.az saytının məlumatına görə, 8 komandalı çempionatın ilk 7 turunda diqqətçəkən məqam az olmadı.
Yeni mövsüm start götürməmişdən öncə “Qarabağ”la yalnız “Qəbələ”nin çempionluq mübarizəsi apara biləcəyi söylənilirdi. Bu da əbəs deyildi. Roman Qriqorçukun komandası ardıcıl 2-ci dəfə Avroliqanın təsnifat mərhələsində 4 rəqibi mübarizədən kənarlaşdıraraq, qrupa düşmüşdü. Elə bunu və “Qəbələ”nin hazırkı heyətinin daha güclü olduğunu əsas gətirərək, bəziləri “Qarabağ” erasının başa çatacağını proqnozlaşdırırdı. İlk dövrə təxminlərin doğru olduğuna işarə etdi.
Çempionata “Kəpəz” üzərindəki qalibiyyətlə başlayan “Qəbələ” sonrakı 6 turun 5-də də meydandan 3 xalla ayrıldı. Nəticədə Qriqorçukun yetirmələri ötən mövsüm olduğu kimi, yenə ilk dövrəni 1-ci yerdə başa çatdırdılar. “Qırmızı-qaralar” yalnız “İnter”lə matçda heç-heçə edərək, xal itkisi ilə üzləşdilər. İlk dövrəni məğlubiyyətsiz başa vuran “Qəbələ” bu azmış kimi, qapısından top buraxmadı. Dmitri Bezotosnının 7 oyunluq “quru seriya”sına Ukrayna mətbuatı da biganə qalmadı. “Qəbələ”nin hücum xətti də hələlik yalnız xoş sözlərə layiqdi. Təsadüfi deyil ki, birinci dövrənin ən məhsuldar komandası məhz “Qəbələ”di. Ən sərrast futbolçu da bu klubdadı – 7 qol vuran Baqali Dabo.
Əvvəlki illərlə müqayisədə çempionatın səviyyəsi xeyli aşağı düşüb. Bu, “Qarabağ”ı rahatlatsa da, “Qəbələ”nin varlığı ağdamlıları narahat etməyə bilməz. Qurban Qurbanovun yeni roman arzusuna Roman Qriqorçukun qurban axtarışı son qoya bilər. Necə deyərlər, hər aşiqin öz dövranı var...
Ötən mövsümün gümüş mükafatçısı “Zirə”dən isə əsər-əlamət qalmayıb. Yayda heyətində dəyişikliklər edən komanda irəli addımlamaq əvəzinə geriləyib. 7 oyunda qeydə alınan 4 məğlubiyyət bunun bariz göstəricisidi. Belə gedişlə Adil Şükürovun komandası axırdan ikinci yeri tutmasa, yaxşıdı. 4, 5 və 6-cı turlarda müvafiq olaraq “Kəpəz”, “Qarabağ” və “Qəbələ”yə 0:2 hesablı məğlubiyyətlərə “İnter”lə matçda son qoyuldu. Viktor İqbekoyinin son saniyələrdə vurduğu qol “Zirə”ni növbəti yenilgidən xilas etdi. Bununla belə, hazırkı komanda ilə Bonilyalı “Zirə” arasında mərkəzdən Zirəyə olan məsafə qədər fərq var.
İlk dövrənin ən çox tənqid və hətta təhqir eşidən komandası “Neftçi” oldu. Cari mövsümdə də özünə bənzəməyən “ağ-qaralar”ı azarkeşlər hər oyun boykot edirlər. Düzdü, çempionata qələbə ilə başlayan paytaxt klubu ilk dövrəni 3 xalla da bitirib. Amma aradakı 5 tur ardıcıl məğlubiyyətlərlə müşayiət olunub. Qış gəlməmişdən “Neftçi” rəhbərliyi məşqçiləri əlcək kimi dəyişirsə, yəqin ki, şaxtalı havada komandanı hər oyuna bir nəfər çıxaracaq.
“Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyəti ilk dövrənin ən yaddaqalan, eyni zamanda ağrılı-acılı məqamı oldu. “Xalq komandası” sayılan “Neftçi”nin bu cür uduzmasının yalnız bir adı var idi: rəzalət. Həmin vaxt xəstəxanada olduğu deyilən Vəli Qasımov az sonra yerini Elxan Abdullayevə təhvil verdi. Onun kreslosunda nə qədər qalacağını isə ən güclü ekstrasens belə, təxmin edə bilməz.
Birinci dövrənin diqqətçəkən problemlərindən biri də stadion məsələsi oldu. Tofiq Bəhramov adına Respublika stadionu və 8-ci km qəsəbə stadionunun ot örtüyü avrokubok oyunları zamanı yararsız hala düşdü. Həmçinin, Qəbələ şəhər stadionu və “Azərsun Arena”da renovasiya işlərinə start verildi. Buna görə də, “Qarabağ” və “Qəbələ” Avroliqadakı 1 oyununu (“Slovan” və “Maribor”la görüşlər) “Dalğa Arena”da keçirdi. “Qırmızı-qaralar” çempionatın ilk 2 turunda da bu arenadan istifadə etdilər. “Qarabağ” və “Neftçi” isə ilk dövrəni Masazırda qarşılayıb, orda da yola saldılar.
Mərkəzdən xeyli uzaq olan və bu səbəbdən əksər azarkeşlərin yolunu tutmadığı “Əlincə Arena” ilk dövrədə 7 - “Neftçi” – “Zirə”, “Qarabağ” – “Neftçi”, “Qarabağ” – AZAL, “Neftçi” – “Qəbələ”, “Qarabağ” – “Zirə”, “Neftçi“- “Sumqayıt” və “Neftçi” – “Kəpəz” oyununa ev sahibliyi etdi.
İlk turda AZAL – “Neftçi” matçında ev sahiblərinin sayılmayan və III turda “Qəbələ” – “Sumqayıt” görüşündə Baqali Dabonun ofsayddan vurduğu ilk qol... Hər iki epizod kobud hakim səhvi ilə səciyyələnir. Çempionatın tempi nə qədər aşağı düşsə də, azərbaycanlı referilərin səhvləri azalmaq bilmir. Rəhim Həsənov “Neftçi” ilə oyunun əvvəlində AZAL-ın qolunu saymayaraq, “təyyarəçilər”i qanadından vurdu. Rauf Cabbarov və köməkçiləri isə 0:0 hesabı ilə gedən görüşün 85-ci dəqiqəsində Dabonun oyundankənar vəziyyətdən vurduğu qolu sayaraq, “Sumqayıt”ı təslim etdilər. Əliyar Ağayevin “Roma”nın görüşünə təyinat almasından hər nə qədər ağızdolusu danışsaq da, Xaqani Məmmədov çempionatdakı hakim səhvlərini dəftərinin bir kənarına qeyd etməlidi...