[b]Rahid Əmirquliyev: Bundan sonra elə söz deməzlər [/b]
11.10.2016 - 14:43
[b]Rahid Əmirquliyev: Bundan sonra elə söz deməzlər [/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Söhbətə DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçirilən oyundan (1:0) başlayaq. Rəqibin favorit sayılmağı sizə əlavə motivasiya verirdimi?

- Düzdü, hamı deyirdi ki, Norveç favoritdi, rəqibi bizdən güclü sayırdılar. Amma biz özümüzə inanırdıq. Çünki evdə, azarkeşlərimizin qarşısında oynayırdıq. Düşünürdük ki, bu oyunda uduzmayacağıq.

 

- Razısız ki, Norveç millisinin üzvləri yığmamıza lazımi qiymət vermirdilər? Bunu oyunöncəsi açıqlamarından da anlamaq mümkün idi...

- Oxumuşdum, baş məşqçiləri və oyunçuları bizə qalib gələcəklərini demişdilər. Bundan sonra elə söz deməzlər. İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdı. Açığı, onların o cür açıqlamaları bizim üçün əlavə motivasiya oldu. Kimin nəyə qadir olduğunu göstərmək istədik və bacardıq.

 

- Amma razılaşaq ki, millimiz Norveçlə matçda oyun mənasında istənilən effekti vermədi...

- Elədi, oyun alınmadı. Bunda meydanın vəziyyəti də rol oynadı. Çünki ot örtüyü yaxşı halda deyildi, meydan sürüşkən idi. Bundan əlavə, Norveçin heyətində, demək olar ki, bütün futbolçular uzunboydular. Daha çox hava ötürmələrinə üstünlük verirdilər. Belə rəqibə qarşı oynamaq isə çətindi. İstədiyimiz oyunu qura bilmirdik. Ötürmələrlə oynamağa çalışsaq da, alınmırdı.

 

- Seçmə mərhələdə növbəti matçı bu gün Çexiyaya qarşı keçirəcəksiz. Norveç üzərindəki qələbə və 2 görüşdə 6 xal toplamaq sizdə arxayınlıq yarada bilərmi?

- İnanmıram ki, kimdəsə arxayınlıq olsun. Buna yol vermək olmaz. Çünki Çexiya çox ciddi rəqibdi. Düzdü, Almaniyaya 3 top fərqi ilə uduzdular. Lakin hamı bilir ki, Almaniya qrupun aşkar favoritidi. Çexiya yığması Norveçdən zəif deyil. Buna görə də, oyuna ciddi yanaşırıq, yaxşı hazırlaşmışıq.

 

- Çexiya ilə matçda millinin qarşısına hansı tapşırıq qoyulub?

- Hədəf hər oyunda 3 xaldı.

 

- Necə düşünürsüz, Çexiya ilə səfər görüşündə bunun öhdəsindən gəlməyiniz inandırıcıdı?

- Norveçlə matçda da heç kim bizə inanmırdı. Amma gördünüz ki, alındı. İnşallah, 3 xal qazanmağa çalışacağıq. Fikrimcə, uduzmasaq da, yaxşı olar. Ən azından, məğlub olmamalıyıq.

 

- Zədələrlə əlaqədar bir müddət yaşıl meydanlardan kənarda qaldınız. Azarkeşlər hazırda əsl Rahidi görə bilirlərmi, yoxsa tam formanızı hələ də yığmamısız?

- Yox, hələ tam forma yığmamışam. Oyun praktikam azdı. Bunu yavaş-yavaş aradan qaldıracam.

 

- Qeydə alınan nəticələrdən sonra millimizin dünya çempionatının final mərhələsinə vəsiqə əldə edəcəyinə inam yaranmağa başlayıb...

- Bizim də ürəyimizdən keçir. Hər bir futbolçunun arzusudu ki, dünya çempionatında iştirak etsin. Elə etməliyik ki, qarşıdakı oyunlarda maksimum nəticə qazanaq. Hər şey özümüzdən asılıdı. Rusiyadakı dünya çempionatına vəsiqə əldə etmək üçün var gücümüzlə çalışacağıq.

 

Tengiz MƏMMƏDOV / Ostrava, Çexiya

 

0