[b]Əmirquliyevin gözlədiyi oyun[/b]
20.09.2016 - 10:56
[b]Əmirquliyevin gözlədiyi oyun[/b]

Topaz Premyer Liqasının V turunun “Zirə” ilə qarşılaşması Rahid Əmirquliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi “Qarabağ”da qol hesabını açıb.

 

Bu ilin əvvəlində “Xəzər Lənkəran”ı Ağdam təmsilçisinə dəyişən futbolçu “Zirə” ilə görüşdə 2 top vurmaqla, qol həsrətinə son qoyub. O, “Qarabağ”dakı ilk qolunu bu klubun heyətindəki 10-cu matçında rəqib qapısından keçirib.

 

Ümumilikdə isə Rahidin Premyer Liqadakı qol həsrəti 327 gün sürüb. O, sonuncu dəfə ötən mövsümün ilk yarısında “Xəzər Lənkəran” forması geyinərkən fərqlənmişdi. Bu, 2015-ci oktyabrın 28-də “Sumqayıt”la görüşdə baş vermişdi. Həmin matçda Əmirquliyevin qolu xal üçün yetərli olmamışdı.

 

327 gündən sonra qol vuran yarımmüdafiəçinin dubl həsrəti daha uzun olub. Düzdü, Rahid hələ keçən il bir qarşılaşmada 2 top vurub. Amma bu, çempionatda deyil, millinin heyətində yaşanıb. Yarımmüdafiəçi sentyabrın 6-da Malta ilə səfərdə keçirilən AÇ-2016-nın seçmə matçında 2 dəfə fərqlənmişdi. Bir sözlə, Rahid 379 gündən sonra dubl edib.

 

Futbolçunun Premyer Liqadakı son dublu isə yəqin ki, çoxlarının yadına gəlmir. Çünki belə hadisə nə az, nə çox 8 il əvvələ təsadüf edib. 2008/09 mövsümündə “Xəzər Lənkəran”da çıxış edən Əmirquliyev “Bakılı” ilə görüşdə 2 qol vurmuşdu. 2948 gündən sonra dubl edən orta sahə oyunçusu 2008-ci il avqustun 24-də “Şəfa” stadionunda coşmuşdu. 57 və 71-ci dəqiqələrdə fərqlənən yarımmüdafiəçi 3:1 hesablı səfər qələbəsində pay sahibi olmuşdu. Ümumiyyətlə, Rahid “Qarabağ”a qədər 2006-2015-ci illərdə oynadığı “Xəzər Lənkəran”da 2-si çempionat, 1-i “Birlik kuboku”nda olmaqla, 3 dubl edib.