Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını hansı komandada davam etdirəcəyi müəmmalı olaraq qalır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc futbolçu hazırda heç bir klubun düşərgəsində deyil.
Türkiyəli həmkarlarımız bir neçə gün öncə Şeydayevin “Samsunspor”a icarəyə verildiyini yazsalar da, indi bu keçidin hələ baş tutmadığını bildirirlər. Hələlik dəqiq olan yeganə məsələ Ramilin və digər komanda yoldaşı Güray Vuralın “Trabzonspor”un məşqlərində iştirak etməməsidi. Rəhbərlik hər iki oyunçuya özlərinə klub tapması üçün icazə verib. “Bordo-mavililər” onların yalnız icarə əsasında başqa komandada oynamasına müsbət cavab verəcək.
Doğrudu, hazırkı vəziyyətdə yığmamızın üzvünün “Samsunspor”a yollanması daha real görünür. Çünki türklər onunla yalnız bu komandanın maraqlandığını vurğulayırlar. Ancaq “Neftçi”nin də 20 yaşlı oyunçunun keçidində maraqlı olduğu məlumdu. Hər halda, gənc forvardın yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcək.