[b]Rauf Əliyev: ...90 dəqiqə oynamağa hazıram[/b]
12.04.2016 - 16:50
[b]Rauf Əliyev: ...90 dəqiqə oynamağa hazıram[/b]

“Əvəzedici heyətdə artıq 1 oyun keçirmişəm. Əsas komandada da oynamağa hazıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in hücumçusu Rauf Əliyev deyib.

 

Uzun müddət idi yaşıl meydanlardan uzaq düşən 27 yaşlı futbolçu “İnter”in əvəzedici komandasında ötən tur meydana çıxıb. AZAL-la görüşə start heyətində çıxan Əliyev 55 dəqiqə meydanda olub.

 

Əməkdaşımızla söhbətində Rauf zədəsini tam sağaltdığını bildirərək, əsas komandada meydana çıxacağı günü gözlədiyini qeyd edib: “Qayıdışım bu tur “Kəpəz”lə matçda da baş tuta bilər, növbəti turda da. Futbol üçün darıxmışam. Demirəm ki, 90 dəqiqə oynamağa hazıram. Amma sonradan meydana daxil ola bilərəm”.

 

Yoxluğunda “İnter”in yaxşı çıxış etdiyini vurğulayan Əliyev bunları əlavə edib: “Komandamız oyunlarını pis keçirmədi. Əsas odu ki, ilk “üçlük”dəyik. Bilirsiz ki, 1 il avrokuboklardan kənarda qalmaq cəzası almışıq. Odu ki, gələn il avrokuboklara qatıla bilmək üçün bu mövsüm “üçlük”dən düşməməliyik. Cəzamızı bu il çəkib, növbəti mövsümə daha istəkli çıxmalıyıq. “İnter”in turnir cədvəlinin yuxarı pillələrində qalması üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, “İnter”in baş məşqçisi Zaur Svanadze bu günlərdə açıqlamasında Raufun əsas komandanın heyətində meydana çıxması üçün daha 2-3 həftəyə ehtiyacının olduğunu bildirmişdi.