"İnter" klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Komandanın hazırlıqlarına ən gec siz qoşuldunuz. Səbəbi nə idi?
- Rəhbərlikdən icazə almışdım. Ailəmlə birgə ölkə xaricinə yollanmışdıq. Ötən mövsümün stressini atmağa çalışdıq. İstirahətə ehtiyacım var idi.
- Adətən istirahətdən sonra məşqlər bir qədər ağır keçir...
- Biz buna vərdiş etmişik. Nə vaxt dincəlmək, nə vaxt istirahət etmək lazım olduğunu bilirik. Dincələndə də formamızı saxlamağa çalışırıq. Məşqlərə qatılmışam, hər şey qaydasındadı. Av-hava da dəyişib. Hər şey yaxşılığa doğru gedir.
- Mart və aprelin maaşını almısınız?
- Bəli, iki ayın ödənişi olub. Qalıb may ayının maaşı. Yeni rəhbərlik təlim-məşq toplanışına qədər ödənişləri həyata keçirəcəyini deyib. Bu cür münasibət bizi daha həvəslə məşq etməyə, işimizə məsuliyyətlə yanaşmağa vadar edir.
- Başqa klublardan təkliflər var idi?
- Bəli. Ancaq mövsüm sonunda komandada dəyişikliklər baş verdi. Yeni rəhbərlik gəldi. Onlar da tezliklə klubdakı problemlərin yoluna qoyulacağını bildirdilər. Hər şey göz qabağındadı. Vəziyyət dəyişib, ona görə də burda qalmaq özüm üçün də yaxşı oldu. Çünki son iki ildə burda özümü yaxşı hiss edirdim.
- Hansı klublardan təklif almışdız?
- Ölkə xaricindən də, yerli klublardan da məni heyətinə qatmaq istəyən vardı. Ancaq fikrimdən “İnter”də qalmaq keçirdi. Bu gün vəziyyətimiz normaldı.
- “Səbail”lə anlaşdığınız haqda da xəbərlər yayıldı...
- Mətbuat məni çox klubun heyətinə göndərdi. Bu gün “Səbail”, sabah başqa kluba keçdiyimi yazdılar. Transfer dövründə 4-5 klubla müqavilə "bağlamışdım". Ancaq son ana qədər “İnter”i gözlədim. Vəziyyətə aydınlıq gətirildikdən sonra hansı klubda davam edəcəyim də dəqiqləşdi.
- “İnter”i sona qədər gözləməyiniz nə ilə bağlıdı?
- Burda özümü rahat hiss edirəm. Rahat olduğun yeri niyə dəyişəsən? Yaxşı kollektivimiz var. Uşaqlar hər cür çətinliyə baxmayaraq, öz gücünü, xarakterini göstərdi.
- Gedənlərə əsasən, komandanın nisbətən zəiflədiyini iddia etmək olarmı?
- Gedənlər arasında ən çox təəssüfləndiyimiz Səlahət Ağayevin komandadan ayrılması oldu. Onun gedişi böyük itkidi. Səlahət komandaya tək qapıçı kimi yox, həm də mənəvi baxımdan dayaq idi. Düzdü, avrokubok oyunlarında bizə kömək edəcək. Qalan uşaqlar gedənləri layiqincə əvəzləyəcəklər. Yanvara qədər bu heyətlə oynamağa borcluyuq.
- Son vaxtlarda bəxtsizliklə üzləşmisiniz. Millidən kənarda qaldınız, İslamiadada U-23-ün ilkin heyətinə adınız salınsa da, sonradan oyunlara dəvət edilmədiniz...
- Əsas klubdu, bu vəziyyətdə yaxşı çıxış etdim, bacardığım qədər kömək etdim. Milliyə gəldikdə, seçim baş məşqçinin işidi. Niyə dəvət edilmədim? Bu sualın cavabı məndə yoxdu. U-23-ə gəldikdə, heç kimlə söhbətim olmayıb. Gedib baş məşqçiyə də deyəsi deyiləm ki, məni niyə heyətə dəvət etmədin. Çağırmırlar, özləri bilərlər.
- Yeni mövsümdə Premyer Liqada yenə 8 komanda mübarizə aparacaq. Darıxdırıcı olmayacaq çempionat?
- Daha çox klubun iştirak etdiyi çempionatda oynamaq maraqlıdı. Ancaq 8 komandanı keflərindən seçməyiblər. Bu gün klublarda maliyyə problemi var. Hələ bu 8 komandanın yarısının da maliyyə imkanı yaxşı deyil. Əlbəttə, 14 komandanın iştirakını istərdik.
- Belədə yenə rəqabət 2-3 komanda arasında gedəcək..
- İndiki vəziyyətdə elə görünür. Hər şey maliyyədən asılıdı. Büdcə geniş olanda seçim imkanı çox olur, heyəti gücləndirmək mümkün olur. Pul olmayanda isə məhdud çevrə ilə oyunlara qatılırsan.