[b]Rauf Əliyev: Qərar nə olursa-olsun...[/b]
02.02.2016 - 16:14
[b]Rauf Əliyev: Qərar nə olursa-olsun...[/b]

“Vəziyyətim gündən-günə yaxşılığa doğru dəyişir. Hələlik yüngül qaçışla və ayağımı möhkəmləndirən hərəkətlərlə kifayətlənirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in hücumçusu Rauf Əliyev deyib.

 

Bir müddət öncə sağ dizinin xaçvari bağları qopan 27 yaşlı futbolçu hazırda bütün diqqətini zədəsini sağaltmağa yönəldib.

 

Əliyevin sözlərinə görə, bərpa prosesi plan üzrə davam etsə, apreldə yaşıl meydanlara qayıdacaq: “Bütün gücümü qoymuşam ki, zədəmi tezliklə sağaldım və futbola qayıdım. Həkimlər komanda ilə məşqlərə apreldə başlaya biləcəyimi deyirlər. Amma onda da müayinədən keçməliyəm və bundan sonra zədəmin nə yerdə olduğuna tam aydınlıq gələcək”.

 

Əliyevin yoxluğunda “İnter” qış fasiləsindən sonra ilk görüşündə “Zirə”yə məğlub olub. Komandasına kömək edə bilməməyini təəssüflə qarşılayan futbolçu yeni transferlərin “bankirlər”ə əlavə güc qatdığını bildirib: “İstərdim ki, oynayım, uşaqlara kömək edim. Amma bunun üçün tam hazır olmalıyam. Komandaya yeni qoşulanlar barədə müsbət fikirdəyəm. Həm Kamran Ağayev, həm də Vüqar Nadirov özlərini sübut etmiş futbolçulardı. Onlarla əvvəl də bir yerdə oynamışam. Odu ki, “İnter”ə əlavə güc qatacaqlarına şübhəm yoxdu”.

 

UEFA “İnter”ə sabiq əcnəbi futbolçularına borcu ödəmək üçün yanvarın 29-dək vaxt qoymuşdu. Borcları tam ödəyə bilməyən paytaxt klubunun yayda avrokuboklara buraxılmayacağı gözlənilir.

 

Mövcud durum digər futbolçular kimi, Rauf Əliyevi də narahat edir: “Bu barədə bizə bir söz deyilməyib. Təbii ki, çempionatda oynayıb, yuxarı yerlərdən birini tutmaqda əsas məqsəd odu ki, avrokuboklarda iştirak edəsən. Bu mənada, Avrokuboka buraxılmamaq bizim üçün ağır olar. Buna görə narahatıq. Ancaq qərar nə olursa-olsun, ruhdan düşməməliyik”.

 

Qeyd edək ki, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi” klublarında da çıxış etmiş Rauf Əliyev ötən ildən “İnter”in formasını geyinir. O, “bankirlər”in heyətində Azərbaycan çempionatının cari mövsümündə 4 oyunda meydana çıxıb.