Azərbaycan çempionatında gedən proseslər, baş verən hadisələr, türkiyəlilər demiş, “hər kəsi tərs köşəyə yatırır”. Yox, mən nəticələrdən danışmıram.
Düzdü, indi “Neftçi”nin hansısa oyunda qələbə qazanması AZAL-ın lideri büdrətməsindən də gözlənilməzdi. “Futbolda belə istisnalar olur” deyib, hesablara görə başımızı ağrıtmayaq. Amma həm “Neftçi”nin, həm də AZAL-ın oyununda hakimlər baş rolda idilər. Təəssüf ki, yenə mənfi obrazda.
3 ayda 3 qələbəyə sevinən “Neftçi”, nədənsə, bunun ikisində hakimlərin yardımına ehtiyac duyub. I turda AZAL-la matçda hesab 0:0 olarkən Rəhim Həsənov “təyyarəçilər”in təmiz qolunu saymayaraq, “Neftçi”yə qol-qanad gərdi. Bu dəfə 1-lərin qoşalaşdığı turda yenə Həsənov “Neftçi”nin görüşündə aləmi bir-birinə qatdı. Maraqlıdı ki, yenə rəqibin əleyhinə verilən qərarla. Düzdü, istənilən səhv ilk növbədə baş hakimin ayağına yazılır. Amma qapı arxasında dayanan Həsənov kimi FİFA dərəcəli referi penalti göstərməyi məsləhət görüncə, Rəvan Həmzəzadə də fikrini dəyişməli oldu.
Halbuki, baş hakimin penalti göstərmək fikri yox idi. Əgər cərimə meydanından ən azı 2 metr aralıda ələ dəyən topu penalti kimi qiymətləndirirsənsə, buna “hakim səhvidi” demək rəqibi alçaltmağa bərabərdi. Bu cür səhv ya birini sevməkdən, ya da digərinə nifrət etməkdən qaynaqlanar. Hakimlər briqadası və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu biabırçılığa görə, heç olmasa “İnter”dən üzr istəməlidi, buna borcludu. Amma onu tapmaq samanlıqda iynə tapmaqdan çətindi...
AZAL – “Qəbələ” matçının baş hakimi İnqilab Məmmədov da Şüvəlanda istədiyini edirdi. İlk dəqiqələrdə oyunun ipini əlindən buraxdı, sona qədər də toparlaya bilmədi. Demirəm ki, Məmmədov nəticəyə birbaşa təsir elədi. Amma xırda səhvlərlə bunu hazırladı. Hər iki komandanı qızışdırmaq üçün əlindən gələni etdi ki, istəyinə də çatdı. Üstünlüyə buraxmalı epizodda fit çalır, sarı vərəqəlik kobudluğa göz yumur və bu kimi qaydalar kitabında yazılmayan “əndrəbadi” qərarlar verirdi. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku tribunaya göndərdiyi epizodda isə ya yerlibazlıq etdi, ya da məqsədi “Qəbələ”nin futbolçularını özündən çıxarmaq idi. Çünki həmin anda AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun onun ünvanına dediyi sözlər həzm olunacaq şəkildə deyildi. Əhmədovun söyüşlərini eşitməzliyə vuran İnqilab Məmmədov, yan xətt hakimi və dördüncü hakim birləşib Qriqorçuku texniki zonadan qovmaq qərarına gəldilər. Razıyam, ukraynalı mütəxəssis son vaxtlar çox aqressivləşib. Amma həmin epizodda tribunaya göndərilməli ilk şəxs Tərlan Əhmədov idi.
Ümumiyyətlə, AZAL-da söyüş söymək adi hal alıb. Baş məşqçi futbolçularını qışqıra-qışqıra söyür, komanda yoldaşları oyunun gedişində dalaşır, bir-birini “yağlayır”...
Demirəm ki, Roman Qriqorçuk süddən çıxmış ağ qaşıqdı. Onun da əsəbləşdiyi, söyüş işlətdiyi anlar olur. Amma o da əsasən hakim səhvləri zamanı özündən çıxır. Gəlin, razılaşaq ki, Qriqorçukun “Qəbələ”də olması Azərbaycan futbolu üçün yalnız qazancdı. Məhz ukraynalının bacarığı sayəsində “Qəbələ” iki ildi ki, Avropa Liqasında 4 mərhələ adlayıb qrupa vəsiqə qazanır. Ancaq kənardan görünən budu ki, artıq onu da futboldan yavaş-yavaş iyrəndirirlər. Şəxsən mən inanmıram ki, Qriqorçuk yeni müqavilə bağlayıb Azərbaycanda qalmağa razılıq versin. Belə halda isə təkcə “Qəbələ” yox, itirən Azərbaycan futbolu olacaq.
Bir turda keçirilən 4 oyunun tən yarısında komandalar, nəticələr yox, hakimlik müzakirə olunur. Gör, hakimliyimiz nə gündədi ki, “ölüm ayağında” olan çempionatımızla da ayaqlaşa bilmir.
P. S. Yaxşı ki, bir Əliyar Ağayev var. Yoxsa, Xaqani Məmmədov hər dəfə hakimliyi tərifləmək üçün nə səbəb tapardı?
Ruslan SADIQOV