[b]Rəşad Qasımov: Bir faks kifayətdi[/b]
05.04.2016 - 16:07
[b]Rəşad Qasımov: Bir faks kifayətdi[/b]

“Bütün sənədləri sponsora ötürmüşük. Onların İsveçrədə bu istiqamət üzrə peşəkar şirkətləri var”. Bu sözləri apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

Martın 30-da UEFA tərəfindən bir illik avrokuboklardan kənarlaşdırılan “bankirlər” apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilərlər.

 

“İnter”in prezidenti bu məsələ ilə klubun sponsorunun məşğul olduğunu söyləyib: “Hazırda bu yöndə araşdırma aparılır. CAS-a müraciətin hazırlanması işləri gedir. Bundan sonrası artıq sponsorun səlahiyyətindədi. CAS-ın bu qərarı dəyişmək faizini hesablayırlar. Əgər qalib gəlmək ehtimalımız varsa, belə hallarda hansısa klubun lehinə müsbət qərar verilibsə, o zaman müraciət ediləcək”.

 

UEFA-nın qərarının üstündən 6 gün vaxt keçsə də, paytaxt təmsilçisi hələ də konkret addım atmayıb. Klub rəhbəri bunun üçün tələsməyə ehtiyac duymadıqlarını söyləyib: “Ora müraciət etmək üçün günlərlə sənəd yığmağa ehtiyac yoxdu. Çünki böyük sənədlər tələb olunmur. Sadəcə, bir faks göndərmək kifayət edir. İş açıldıqdan sonra bu proses başlayacaq”.

 

Rəşad Qasımov CAS-a müraciət edilsə belə, bunun üçün klubun xərcə düşməyəcəyini əlavə edib: “Bu məsələ ilə birbaşa sponsorun məşğul olması bizim üçün sevindiricidi. Çünki bunun klubun büdcəsinə heç bir təsiri olmayacaq. Bütün maliyyəni sponsor özü qarşılayacaq, kluba aidiyyəti olmayacaq”.

 

Qeyd edək ki, “İnter” aprelin 9-na kimi CAS-a müraciət etməsə, növbəti üç Avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum olacaq.