Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Adanaspor” klubunun çalışdırıcısı Levent Şahin vəzifəsindən uzaqlaşıb.
Belə ki, Superliqanın XXVII turunda evdə “Çaykur Rizəspor”a 1:3 hesablı məğlubiyyətdən sonra Şahin postunu tərk etdiyini açıqlayıb: “İkinci dövrəyə yaxşı başlasaq da, təəssüf ki, bunun davamını gətirə bilmədik. Komanda istədiyimiz kimi oynamır. Klubun önünü açmaq üçün ən yaxşısı vəzifəmdən getməkdi”.
Superliqada 27 turdan sonra turnir cədvəlinin axırıncı pilləsində qərarlaşan “Adanaspor”un aktivində 20 xal var.
Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo Silva “Çaykur Rizəspor”la görüşün son 20 dəqiqəsində meydanda olub.