[b]Riçard Almeyda: Çox çətin oldu – MÜSAHİBƏ[/b]
17.04.2017 - 00:00
[b]Riçard Almeyda: Çox çətin oldu – MÜSAHİBƏ[/b]

Ardıcıl 4-cü çempionluğunu bayram edən “Qarabağ”ın zirvədə yer almasında Riçard Almeydanın rolu da danılmazdı. Zədəsini sağaldan və “İnter”lə oyunda ilk dəqiqələrdən meydanda olan Ricard Almeyda apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Çempionluğu böyükhesablı qələbə ilə rəsmiləşdirdiniz. Özünüzü necə hiss edirsiniz?

- Növbəti dəfə çempion olduğumuza görə Allaha təşəkkür edirik. Üç il əvvəl necə çempion olmuşduqsa, hazırkı mövsümü də elə keçirdik. Bəzən komandada eniş yaşandı, amma komanda olaraq inamımızı itirmədik. Sona qədər mübarizə apardıq və istəyimizə çatdıq. Oyuna gəldikdə, məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik və qələbə qazandıq. Üstəlik, cari çempionatda “İnter”ə qarşı 3 oyun keçirmişdik və heç birində qələbə qazana bilməmişdik.

 

- Hazırkı çempionluğun əvvəlkilərə nisbətən daha çox əmək sərf edərək əldə etdiyinizi deyirsiniz?

- Bəli, bu il çox çətin oldu. Çünki zədəli futbolçularımızın sayı çox idi. Yaxşı ki, onları əvəzləyən oyunçularımız işlərinin öhdəsindən layiqincə gəldilər.

 

- Azarkeşlər artıq böyük turnirin iştirakçısı olmağınızı gözləyir. Son 3 ildə bu istəyi reallaşdıracaq qədər təcrübə toplamısınızmı?

- Hələ Premyer Liqa başa çatmayıb. Qarşıda iki çempionat, bir kubok oyunu var. Ondan sonra siz dediyiniz yarışı düşünmək, ora hazırlaşmaq olar. Çempionat Liqasında oynamaq təkcə azarkeşlərin deyil, biz futbolçuların, məşqçilər korpusunun, klub rəhbərliyinin də arzusudu. Çalışacağıq ki, bu dəfə həmin arzunu reallaşdıraq.

 

- Erkən çempionluq kubokun finalının prinsipinallığını artıracaqmı?

- “Qəbələ” yaxşı komandadı, heyətlərində ustalıq səviyyəsi yüksək olan futbolçuları, başlarında isə rəqibi yaxşı analiz etmək qabiliyyətinə malik baş məşqçiləri var. Bizim də güclü baş məşqçimiz var. Həm savadlı mütəxəssisdi, həm də yaxşı insandı. Eyni zamanda, ətrafımızda güclü futbolçular cəmləşib. Həmin gün daha yaxşı çıxış edəcəyimizə və qalib ayrılacağımıza ümid edirəm.

0